AZ

Vətən müharibəsinin şəhid və qazilərinin əmanətləri İstanbulda

BAKI,TurkicWorld

Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, o cümlədən övladlarına göstərilən mənəvi və sosial qayğının, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin "Bir millət, iki dövlət" prinsipi əsasında möhkəmlənməsinin bariz nümunəsi olan növbəti sosial-humanitar layihə gerçəkləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, "YAŞAT" Fondunun, İstanbul şəhərinin Qaziosmanpaşa Kaymakamlığının və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) tərəfdaşlığı ilə baş tutub.

Vətən müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə şəhid və qazi övladlarının İstanbul şəhərinə səfəri təşkil edilib.

Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə şəhid övladları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların sosial inteqrasiyasına və mənəvi inkişafına dəstək göstərilməsi, eyni zamanda iki qardaş ölkə arasında ortaq tarixi, milli-mənəvi dəyərlərin təbliği və qorunmasıdır.

Səfər çərçivəsində qonaqlar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Anım mərasimində, eləcə də şəhid Anıl Kaan Aybek adına məktəbdə keçirilən xatirə tədbirində iştirak edib. Daha sonra Gaziosmanpaşa Kaymakamlığını ziyarət edərək kaymakam İskender Yönden ilə görüşüblər. Görüşdə qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İştirakçılar 5 günlük səfər çərçivəsində İstanbulun tarixi görməli yerlərini, muzeyləri və abidələri ziyarət edəcək, Azərbaycan və Türkiyə gəncləri arasında mədəniyyətlərarası dialoqun və dostluğun möhkəmlənməsinə yönəlmiş görüşlər keçirəcəklər.

Seçilən
5
2
turkic.world

3Mənbələr