Azərbaycanı basketbol üzrə FIBA Avropa Kubokunda təmsil edən “Neftçi” komandası bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, I qrupunda yer almış “ağ-qaralar” qrup mərhələsinin 5-ci turu çərçivəsində Estoniyanın “Kalev” komandası ilə üz-üzə gəlib.
Tallindəki “Kalevi Spordihall”da baş tutmuş görüş Bakı təmsilçisi üçün uğursuz alınıb. Oyun meydan sahiblərinin 88:82 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu qrupun digər görüşündə Azərbaycan təmsilçisi “Abşeron Lions” Polşada “Trefl”lə qarşılaşır.
Hazırda “Neftçi” 8 xalla I qrupunda liderdir. “Trefl” 7 xalla ikinci pillədə qərarlaşıb. “Kalev” 7 xalla üçüncü, 5 xalı olan “Abşeron Lions” isə sonuncudur.
“Ağ-qaralar” qrupdakı son oyunda Azərbaycanın digər təmsilçisi “Abşeron Lions”la üz-üzə gələcəklər. Sözügedən qarşılaşma noyabrın 19-da baş tutacaq.

