AZ

Pentaqon Latın Amerikasında narkokartellərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb

“Southern Spear” əməliyyatı ABŞ-nin Qərb yarımkürəsində ən böyük hərbi kontingentini hərəkətə gətirib...

Poliqon xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset Qərb yarımkürəsində narkokartellərə qarşı “Southern Spear” (“Cənub Kopyesi”) adlı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib. Heqset bu barədə sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, əməliyyatın məqsədi “narkoterrorçuları məhv etmək” və ABŞ ərazisini narkotik təhlükəsindən qorumaqdır.

Nazirin sözlərinə görə, əməliyyat Birləşmiş Ştatların Cənub Komandanlığı və Southern Spear birləşmiş operativ qrupunun rəhbərliyi altında həyata keçiriləcək.

“Bu missiya vətənimizi qoruyacaq, narkoterrorçuları bizim yarımkürəmizdən uzaqlaşdıracaq və xalqımızı öldürən narkotiklərdən müdafiə edəcək. Qərb yarımkürəsi Amerikanın ərazisidir və biz onu qoruyacağıq”, deyə Heqset bəyan edib.

Əməliyyatın başlamasından az əvvəl ABŞ son onilliklərin ən böyük hərbi qüvvələrini Latın Amerikası və Karib hövzəsində cəmləşdirib. Bu qüvvələr arasında dünya üzrə ən iri və ən müasir aviadaşıyıcılardan biri olan USS Gerald R. Ford rəhbərliyində aviadaşıyıcı döyüş qrupu da yer alır. ABŞ mediasının məlumatına görə, bu cəmləşmə 1989-cu ildə Panamaya müdaxilədən bəri regionda ən böyük hərbi kontingent hesab olunur.

Vaşinqtonun dünyada narkoticarəti dəstəkləməkdə ittiham etdiyi Venesuela isə bir neçə ay ərzində mümkün ABŞ müdaxiləsinə qarşı hazırlıq aparıb. Rəsmi Karakas partizan dəstələri formalaşdırıb, habelə mümkün silahlı toqquşma üçün müxtəlif müdafiə strategiyaları hazırlayıb. Prezident Nikolas Maduro dəfələrlə bəyan edib ki, ABŞ “süni böhran yaradaraq” onu hakimiyyətdən uzaqlaşdırmaq istəyir.

ABŞ-ın yeni əməliyyatının regionda təhlükəsizlik balansına, Venesuela–ABŞ münasibətlərinə və Latın Amerikası ölkələrinin mövqelərinə ciddi təsir edəcəyi gözlənilir. Ekspertlər hesab edir ki, “Southern Spear” Vaşinqtonun Qərb yarımkürəsində təsirini gücləndirməyə yönəlmiş ən iddialı hərbi addımlardan biridir.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr