AZ

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir

Bakı, 14 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Son dövrlərdə Mərkəzi Asiya xüsusən də 2025-ci ilin noyabrında keçirilmiş ABŞ və Mərkəzi Asiya ölkələri sammiti kimi mühüm beynəlxalq hadisələr fonunda getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Bu sammit ABŞ ilə region dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ olmaqla yanaşı, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və geosiyasi maraqlara dair məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadı.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun (İMEMO RAE) postsovet tədqiqatları mərkəzinin aparıcı elmi əməkdaşı, tarix elmləri namizədi Stanislav Pritçin AZƏRTAC-a verdiyi müsahibədə sammitin nəticələrini şərh edib və ABŞ-ın Mərkəzi Asiyaya yanaşmasını qiymətləndirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ABŞ üçün geosiyasi kontekstdə mühüm əhəmiyyət kəsb edir. Bu region Avrasiya qitəsinin mərkəzində Qərb geosiyasi konsepsiyalarına uyğun olan Hartlend adlandırılan ərazidə yerləşən strateji bölgədir. ABŞ üçün bu regionda iştirakını qorumaq vacibdir, çünki bu, qonşu dövlətlər olan Rusiya və Çinlə qarşılıqlı əlaqə yaratmaq baxımından qlobal geosiyasi mübarizənin bir hissəsidir.

“Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir və bu, ABŞ tərəfinin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq vasitəsilə təsirini saxlamaq istəyini izah edir. Bu, öz növbəsində, ABŞ-a həmin ölkələrdə və bütövlükdə regionda baş verən proseslərə təsir göstərmək imkanı verir”, – deyə ekspert bildirib.

Regionun təbii ehtiyatlarına gəlincə, Pritçin vurğulayıb ki, ABŞ üçün bu sahədə real maraq mövcuddur. Xüsusilə nadir torpaq metalları və strateji əhəmiyyətli mineralların hasilatı Amerika iqtisadiyyatı üçün mühüm sayılır. Mərkəzi Asiyada hələ tam mənimsənilməmiş yataqlar mövcuddur və bu, əməkdaşlıq üçün yeni imkanlar açır.

Lakin onun fikrincə, ABŞ-ın Mərkəzi Asiyaya marağı məhdud xarakter daşıyır və regionun iqtisadi sisteminə tam inteqrasiyaya deyil, əsasən yeni resurs mənbələrinin axtarışı və satış bazarlarının genişləndirilməsinə yönəlib.

Qazaxıstanın 2020–2021-ci illərdə İsrail və bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim sazişləri”nə qoşulmasına və ölkənin xarici iqtisadi siyasətinə münasibət bildirən ekspert qeyd edib ki, bu addım Astananın Yaxın Şərq istiqamətində uzunmüddətli strategiyasının bir hissəsi deyil. Onun fikrincə, bu, daha çox Qazaxıstanın Mərkəzi Asiya ölkələri arasında fərqlənmək, liderlik iddiasını nümayiş etdirmək və ABŞ üçün faydalı ola biləcək təşəbbüsləri dəstəkləməyə hazır olduğunu göstərmək məqsədi daşıyır.

Lakin Pritçinin fikrincə, bu, düşünülmüş və uzunmüddətli siyasi seçimdən çox, simvolik xarakterli addımdır.

Qazaxıstanın ABŞ qarşısında iqtisadi öhdəliklərinə toxunan tarix elmləri namizədi qeyd edib ki, xüsusilə istehsalın lokallaşdırılması olmadan ABŞ məhsullarının milyardlarla dəyərində alınması öhdəlikləri Rusiya və Çindən asılılığı azaltmaq üçün real cəhd kimi qiymətləndirilə bilməz.

Pritçin vurğulayıb ki, əgər Mərkəzi Asiya ölkələri ABŞ-la yaxınlaşma yolu ilə Rusiya və Çindən asılılıqlarını azaltmağa çalışırlarsa, bu, heç də inandırıcı görünmür.

Ekspert həmçinin diqqətə çatdırıb ki, “Orta dəhliz” və Qazaxıstan üzərindən yük daşımalarının tranziti kimi infrastruktur layihələri ABŞ-ın iştirakı olmadan da inkişaf edir.

“Bu layihələrdə Çin fəal iştirak edir, ABŞ isə hələlik onlara qoşulmayıb. Anlamaq lazımdır ki, regionun nəqliyyat və logistika infrastrukturunun inkişafı ABŞ-ın deyil, ilk növbədə, digər dövlətlərin iştirakı hesabına baş verir”, – deyə o fikrini yekunlaşdırıb.

Seçilən
85
2
azertag.az

2Mənbələr