AZ

İrandan Azərbaycana qadağan olunmuş dərman gətirən əcnəbiyə hökm oxundu KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsində və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə keçirməkdə təqsirləndirilən C.C.-nin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə göstərilib ki, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycana gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmış – Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 44 kapsulda preqabalin, 14 ədəd tramadol (ağ tablet), 0,96 qram tramadol (ağ tablet qırıntıları) və 08 ədəd tramadol (qırmızı tablet) və qara rəngli corab məhv edilməsi qərara alınıb.

İttihama görə, Rusiya vətəndaşı, 1996-cı il təvəllüdlü C.C. 15 aprel 2025-ci il tarixədək olan müddət ərzində satış məqsədilə qanunsuz olaraq İrandan külli miqdarda güclü təsir edən maddələr əldə edib.

Belə ki, o, İranın Astara şəhərində tərkibində təsiredici maddənin ümumi miqdarı 6,9 qram təşkil edən 46 ədəd “preqabalin” və təsiredici maddənin ümumi miqdarı 5,809 qram olan 24 ədəd “tramadol” həbini əldə edərək, onların gömrük nəzarətindən gizlədilməsini təmin edən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı yük avtomobilinin kabinəsində şəxsi əşyalarının arasında, qara rəngli corabın içərisində gizlədib.

Təqsirləndirilən şəxs həmin dərman vasitələrini gizli şəkildə İrandan Azərbaycana gətirib və 15 aprel 2025-ci il tarixdə, saat 04 radələrində Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirib. Gömrük nəzarəti zamanı qeyd olunan maddələr aşkar edilərək götürülüb.

Məhkəmə baxışı zamanı C.C. dərman vasitələrinin ona məxsus olduğunu, lakin şəxsi istifadəsi üçün gətirdiyini, satmaq məqsədi olmadığını göstərib. Amma təqsirləndirilən şəxsin məhkəmə baxışı və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu məlum olub.

Belə ki, o, ilkin ifadəsində qeyd edib ki, “preqabalin” və “tramadol” adlı güclü təsir edən maddələri həmkəndlisi olan, gözləri görməyən Abdulla adlı şəxs ondan sifariş edib, həmin dərmanların qadağan olunmuş maddələr olduğunu bildiyi üçün onları avtomobilin kabinəsində gizlədib.

Məhkəmə C.C.-nin məhkəmə baxışı zamanı verdiyi ifadəni özünü müdafiə xarakterli hesab edib, onun ibtidai istintaq zamanı verdiyi etirafları işin faktiki hallarına daha uyğun sayıb.

Toplanmış sübutlar məcmusuna əsasən müəyyən edilib ki, təqsirləndirilən şəxs qeyd olunun dərman vasitələrini satış məqsədilə qanunsuz əldə edib saxlayıb, onların daşınmasını təmin edib və gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
konkret.az

3Mənbələr