Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Daşkənddə yeni tikilən İslam Sivilizasiyaları Mərkəzində “Mərkəzi Asiya: Ümumi mənəvi-maarifçilik irsi – ümumi gələcək” adlı beynəlxalq konqres öz işinə başlayıb. Məclisdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına təbriki oxunub.
İslam Sivilizasiyaları Mərkəzinin sədri Firdavs Abduxalikov Özbəkistanın Mərkəzi Asiya ölkələri və Azərbaycan ilə dostluq və qardaşlıq münasibətləri haqqında söhbət açıb, Azərbaycanın böyük şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli ədəbi irsinin Özbəkistanda çox sevildiyini diqqətə çatdırıb.
Azərbaycan mədəniyyət naziri Adil Kərimli öz çıxışında bildirib ki, qlobal miqyasda əsas platformamız olan “Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildən müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviq edir. “Bakı Prosesi” çərçivəsində iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşları BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO, BMT Turizm və digər beynəlxalq təşkilatlardır. 2024-cü ildə baş tutmuş VI Forumda Mərkəzi Asiya ölkələri fəal təmsil olundu. Əminliklə bildirirəm ki, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan növbəti VII Mədəniyyətlərarası Dialoq Forumu başlanan Konqresin nəticələrini və regional çağırışları qlobal miqyasda müzakirə etmək üçün mühüm imkan yaradacaq. Forumda Mərkəzi Asiya ölkələrinin fəal iştirakı bizim üçün böyük əhəmiyyət daşıyır.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli öz çıxışında deyib ki, Özbəkistanın və Azərbaycanın mənəvi irsini, mədəniyətini yaradan böyük şəxsiyyətlər ölkələrimiz arasında böyük körpü olub və belə hesab edirəm ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük şairlər Azərbaycanla Mərkəzi Asiya arasında ədəbiyyat, mədəniyyət, mənəviyyat körpüsü yaradıblar.
Milli muzeylərlə bağlı bölmə iclaslarında İçərişəhər Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru Azadə Hüseynova, milli kitabxanaların işi ilə əlaqədar sessiyada M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Şükürov, Rəssamlıq və incəsənət üzrə bölmə iclasında Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini Ağəli İbrahimov, Mərkəzi Asiya və Azərbaycan Yazıçılar İttifaqları ilə bağlı keçirilən iclasda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Gənclər siyasəti üzrə bölmə iclasında Gənclər və İdman Nazirliyinin əməkdaşı Nigar Əzimova çıxış ediblər.
Konqres öz işini davam etdirir.
Q.KAZIMOVDaşkənd
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.