Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında məktəblərdə yeni könüllü model tətbiq ediləcəyini bildirib. Nazir yeni modelin könüllü olacağını və yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlərin iştirak edəcəyini söyləyib:
“Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər. Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə işləməyə davam edə bilər”.
Nazirin bu çıxışı sosial şəbəkələrdə “repetitorluğun məhvinə yönəlmiş addım” kimi qiymətləndirilib və müəllimlər arasında böyük narazılığa səbəb olub.
Cahid İmanlı: “Bu qanun qəbul edilərsə, Azərbaycan təhsilinə ən böyük zərbə olacaq”
Təhsil eksperti Cahid İmanlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müəllimlərin daimi iş modelinin yaradılması müsbətdir, lakin bu, nəzəriyyədə asan görünsə də, praktikada çoxlu çətinliklərlə üzləşiləcək: “Müəllimin maaşı onu tam qane etməlidir ki, əlavə işə ehtiyac duymasın. Yəni mövcud vəziyyətdə müəllimin dərs bitən kimi məktəbi tərk etməsinin əsl səbəbi elə budur: dövlətin müəllimə verdiyi maaş onun aylıq xərclərinin 30 faizini belə qane etmir. İndi yeni verilən qanunda əmək haqqı müəllimi yenə də qane etməsə, məktəbdən müəllimlərin kütləvi uzaqlaşması baş verəcək. İkinci bir məsələ: məktəblərin infrastrukturu bütün müəllimlərin məktəbdə qalmasını ödəmir. Müəllim məktəbdə qalıb nə ilə məşğul olmalıdır? Məktəbdə müəllimin işləməsi üçün zəruri şərait - yeməkxana, sanitar qovşağı, iş otağı, metodik kabinet, kompüter və davamlı internet, istirahət otağı və s. varmı? Bu qanun qəbul edilərsə, Azərbaycan təhsilinə ən böyük zərbə olacaq".
Rizvan Fikrətoğlu: “Yeni qayda düzgün tətbiq edilərsə, bu sistem müəllimlərin motivasiyasını və sosial sabitliyini artıracaq, təhsildə keyfiyyət dəyişikliyi yaradacaq”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, hazırda bir çox müəllim yalnız dərs saatına görə maaş alır: “Bu, onların fəaliyyətini məhdudlaşdırır və məktəb həyatından uzaqlaşdırır. Yeni model isə müəllimin ümumi fəaliyyətini, dərs demək, metodik hazırlıq, layihə və tədqiqat işlərini nəzərə alacaq. Bu, müəllim peşəsinin nüfuzunu artıracaq və dünya təcrübəsinə uyğun bir addımdır. Yeni sistem məcburi deyil, müəllimlər seçim azadlığına malik olacaqlar. Bu, keçid dövrünü asanlaşdıracaq və peşəkarlığın artması üçün stimul yaradacaq. Yeni sistemdə 18–24 saatlıq dərs yükü müəllimə sabit gəlir, məktəblərə isə daha səmərəli planlaşdırma imkanı yaradacaq. Düzgün tətbiq edilərsə, bu sistem müəllimlərin motivasiyasını və sosial sabitliyini artıracaq, təhsildə keyfiyyət dəyişikliyi yaradacaq. Müəllimlik sadəcə iş yeri deyil, peşəkar karyera yoluna çevriləcək".
Fatimə Hacıbəyli: “Müəllimlik ofis işi deyil ki, “orada oturmaqla” keyfiyyət artsın”
Ingilis dili müəllimi Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müəllimlərin axşam saat 6-ya kimi məktəbdə olma fikri çox düşündürücüdür: “Müəllimlik ofis işi deyil ki, “orada oturmaqla” keyfiyyət artsın. Müəllim dərsdən sonra da işləyir — evdə tapşırıq yoxlayır, dərs planı qurur, valideynlərlə əlaqə saxlayır. İndi sual budur: şərait varmı ki, müəllim saat 6-ya qədər məktəbdə qalsın? O əlavə vaxt maaşda əksini tapacaqmı? Nəzərə almaq lazımdır ki, təhsil keyfiyyəti saatla yox, etimad və motivasiya ilə ölçülür. Müəllimə hörmət azaldıqca, islahatın da təsiri azalır. Unutmaq lazım deyil ki, müəllim məktəbdə yox, qəlblərdə qalanda təhsil inkişaf edir”.
Sənubər Məmmədova: “Savadı olmayan, təcrübəsiz müəllimi axşama kimi məktəbdə saxlamaqla nəticə əldə olunmayacaq”
Azərbaycan dili və ədəbiyyatı müəllimi Sənubər Məmmədova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni qərar savadlı, bilikli müəllimləri qane etməyəcək: “Savadı olmayan, təcrübəsiz müəllimi axşama kimi məktəbdə saxlamaqla nəticə əldə olunmayacaq. Bu saat fərqinin, işləməyən, inkişaf etməyən, savadı olmayan müəllim üçün heç bir fərqi yoxdur. Müəllimlərə verilən əmək haqqı bəllidir, həmin maaşla ay sonunu tamamlamaq olmur. Buna görə də müəllimlər əlavə repetitorluq edir. Axşama kimi məktəbdə qalsam, mənim əlavə dərs deməyə fiziki gücüm qalmayacaq. Savadlı müəllimlər buna razı olmayacaq. Repetitorluqla məşğul olmayan, biliyi kasad olanlar axşama kimi məktəbdə qala bilər”.
Günel CƏLİLOVA