Bakı, 2 dekabr, AZƏRTAC
“Milli Proqram”ın yarım illik nəticələrinə dair təqdimat mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov çıxış edib.
Soltan Bayramov bildirib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnkişafı Fondunun (TİF) qlobal öyrənmə platforması ABŞ-nin “Coursera” şirkəti ilə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram” həyata keçirilir.
Bu təşəbbüs “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilən hədəflərə, rəqəmsal cəmiyyətə keçid prosesinə və vətəndaşların əmək bazarında rəqabətqabiliyyətli qalması üçün zəruri bilik və bacarıqların formalaşdırılması çağırışlarına cavab olaraq hazırlanıb. “Milli Proqram” çərçivəsində vətəndaşlara 191 milyondan çox istifadəçisi ilə dünyanın ən böyük onlayn təhsil platforması olan “Coursera”da təqdim olunan 13.000-dən çox kursa ödənişsiz giriş imkanı yaradılıb. Eyni zamanda, 2.500 kurs Azərbaycan dilində altyazı ilə, ən çox seçilən 15 kurs isə süni intellekt texnologiyası vasitəsilə dublyajda təqdim olunur. Soltan Bayramov vurğulayıb ki, aprel ayından bugünədək “Milli Proqram” üzrə 75 mindən çox kurs tamamlanıb.
“Ölkənin insan kapitalının inkişafına xidmət edən bu genişmiqyaslı təşəbbüs dövlət qurumlarının əməkdaşlarının, eləcə də onların sıx tərəfdaşlıq etdiyi vətəndaş auditoriyasının maarifləndirilməsi və peşəkar inkişafının dəstəklənməsini hədəfləyir”, - deyə S.Bayramov əlavə edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən İlqar Bayramlı çıxışında qeyd edib ki, yeni təhsil müəssisələrinin inşası və mövcud infrastrukturun yenilənməsi prosesində əvvəlki benefisiarların, həmçinin yeni tərəfdaşların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu proses cəmiyyətin müxtəlif sosial qruplarını – xüsusilə gəncləri – təhsilin inkişafına daha geniş şəkildə cəlb etməyə imkan yaradır: “4Sİ Akademiyası - Milli Proqram” kimi layihələr ölkədə insan kapitalının gücləndirilməsi baxımından mühüm addımdır. Yeni təhsil proqramları milli prioritetlərə uyğun şəkildə hazırlanır. Proqramların tətbiqi ölkədə yeni düşüncə tərzinin formalaşmasına, gənclərin daha yaradıcı, innovativ və məsuliyyətli şəkildə yetişməsinə zəmin yaradır. Biz inanırıq ki, həyata keçirilən bu layihələr sayəsində ölkəmizin təhsil sahəsi daha da güclənəcək və uzunmüddətli perspektivdə davamlı inkişaf təmin olunacaq”.