AZ

“Samsung” üçqat qatlana bilən smartfonunu nümayiş etdirib  

“Samsung” uzun müddətdir gözlənilən üçqat qatlana bilən smartfonunu rəsmi şəkildə təqdim edib. “Galaxy Z Trifold” Cənubi Koreyada 12 dekabrda,  ABŞ bazarında isə 2026-cı ilin ilk rübündə satışa çıxacaq. Digər regionlar üçün tarix hələ açıqlanmayıb.

Yeni cihaz şirkətin indiyədək istehsal etdiyi ən iddialı mobil cihazlardan biridir. Smartfon tam açıldıqda cəmi 3,9 mm, qatlandıqda isə 12,9 mm qalınlığa malikdir.

“Galaxy Z Trifold”un xarici panelində 200MP əsas kamera, 12MP ultra-geniş obyektiv və 10MP 3X optik zoom kamera yerləşir. Həm örtük ekranında, həm də daxili 10 düymlük ekranda ayrıca 10MP selfi kamerası mövcuddur. 10 düymlük ekran sayəsində cihaz DeX rejimini dəstəkləyir və eyni anda 20 tətbiqi dörd iş sahəsində idarə etməyə imkan verir. Alternativ olaraq, ekran üç ayrı 6,5 düymlük bölmə kimi də istifadə edilə bilər. Cihaz ən güclü çiplərdən biri olan “Snapdragon 8 Elite Mobile Platform for Galaxy” prosessoru ilə təchiz edilib. Smartfonda 16GB RAM və ilkin olaraq 512GB yaddaş mövcuddur.

    Rəsmi qiymət açıqlanmasa da, sızdırılmış məlumatlar cihazın 3,000–3,500 ABŞ dolları arasında olacağını göstərir. Bu da onu hazırda “Samsung”un ən bahalı cihazlarından biri edir.

    

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr