AZ

Şəkiyə mediatur təşkil olunub

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 2-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri təşkil olunub.

Hafta.az xəbər verir ki, səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə çatdırmaqdır.

Şəkinin Öyrət kəndi ərazisində yerləşən "BioGarden" ekoaqro turizm təsərrüfatı ilə tanışlıq zamanı məlumat verilib ki, səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı var. Həmçinin bağda arıçılıq təsərrüfatı da mövcuddur.

Qeyd olunub ki, “BioGarden” Aqroekoloji Turizm Məkanı 2010-cu ildən etibarən biznes turizm fəaliyyəti göstərir. Biznes subyektinin əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində aqrobio müxtəlifliyin inkişafına və davamlı istifadəsinə nail olmaqdır. Bununla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməklərin təqdimatı, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqi də əsas hədəflərdir.

Şəkinin qədim və mühüm təsərrüfat sahələrindən biri olan ipəkçilik barədə dolğun məlumat əldə etmək üçün media nümayəndələri “Azəripək” ASC-də də olublar. Bildirilib ki, hazırda “Azəripək”də baramaaçan, burucu, toxucu, boyaq-bəzək istehsalatları, həmçinin çeşidləmə və xalça sexləri fəaliyyət göstərir. Müəssisədə yüksəkkeyfiyyətli 100 faiz təbii xam ipək, müxtəlif ipək məhsullar, eyni zamanda, kəlağayı, şərf və sair istehsal olunur. İstehsal edilən məhsullar xarici ölkələrə ixrac edilir.

Media nümayəndələri, həmçinin Şəkidə sənətkarlarla görüşüb, onların iş prosesi ilə yaxından tanış olub, məşhur Şəki halvasının hazırlanması prosesini izləyiblər. Halvaçı Xosrov Qafarov bu şirniyyat növünün hazırlanmasındakı incəliklər barədə ətraflı məlumat verib. Şəkinin ənənəvi dulusçuluq sənət növü ilə tanışlıq zamanı isə dulusçu Əhəd Məmmədov media nümayəndələrinə öz emalatxanasında hazırladığı məhsulların çeşidindən, təyinatından danışıb.

Mediatur çərçivəsində dekabrın 3-də Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə səfər planlaşdırılır.

Seçilən
5
8
hafta.az

9Mənbələr