AZ

17 yaşlı yeniyetmənin qəfil ölümü: Qorxunc hadisələr davam edə bilər

ain.az bildirir, Olke.az portalına istinadən.

Son aylarda infarktdan ölüm hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə də bu xəstəliyin artıq yeniyetmələr arasında da qeydə alınması vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Hətta ötən günlərdə cəmi 17 yaşlı bir oğlanın infarkt səbəbilə həyatını itirməsi böyük diqqət çəkib. Ölüm yaşının getdikcə aşağı düşməsi, bu qəbildən xəbərlərin isə artması bir sualı gündəmə gətirir:

"Bunun səbəbi nədir və biz nələri nəzərdən qaçırırıq?"

Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.az-a açıqlamasında bildirib ki, konkret olaraq bu on yeddi yaşda oğlanın dünyasının dəyişməsinin səbəbi bilinməlidir:

"Çox təəssüflər olsun ki, biz elə infarkt diaqnozu qoyuruq və bəzən də bu diaqnoz reallığa uyğun olmur. Autopsiya olmadan ölümün birbaşa nədən baş verdiyini demək çətindir. Amma bütövlükdə bəli, o həqiqətdir ki, bu gün ürək-damar xəstələrinin yaşı xeyli gəncləşib. Bunun əsas səbəbi, həyat tərzi ilə bağlıdır. İnsanların çox qida qəbul etməsi, az hərəkət etməsi əsas amillərdən biridir. Çünki orqanizmin qəbul etdiyi kalori ilə sərf etdiyi enerji arasında həmişə balans qorunmalıdır.

Təbii ki, qidanın keyfiyyət göstəriciləri, şəkərli diabet, az hərəkətlilik, erkən yaşda qan təzyiqinin olması və digər amillər də burada ciddi rol oynayır. Bundan əlavə, siqaret çəkənlərin, tütün məmulatlarından istifadə edənlərin, elektron siqaret və qəlyan daxil olmaqla sayının getdikcə artması, xüsusilə də qadınlar arasında çoxalması da ən zərərli təsir edən amillərdən biridir.

Aşırı alkoqol istifadəsi, yağlı və şirin qidaların, karbohidratların həddindən artıq qəbul edilməsi, yəni qeyri-rasional qidalanma bugünkü ürək-damar xəstəliklərinin cavanlaşmasının əsas səbəblərindən biridir. Təəssüf ki, kütləvi idmanın inkişafı və qida mədəniyyətinin normaya salınması baş vermədiyi müddətdə biz bu cür statistika ilə üzləşməyə davam edəcəyik".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
olke.az

2Mənbələr