AZ

Komitə sədri: Müasir informasiya mühitində dini və milli kimliklə bağlı ayrı-seçkilik yaratmaq cəhdlərinə rast gəlinir

Göyçay, 3 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bildirib ki, milli-mənəvi kimlik hər bir xalqın əsas dayaqlarından biridir. İnformasiya axınının sürətləndiyi müasir dövrdə dilimizə, dinimizə, mədəniyyətimizə, milli kimliyimizə qarşı yaranan təhdidlər barədə danışan O.Mürsəlov vurğulayıb ki, bu reallıq milli dəyərlərin qorunmasının yalnız mənəvi deyil, həm də təhlükəsizlik məsələsi olduğunu deməyə əsas verir. İstənilən dövlətdə xalqın milli kimlik anlayışının zəifləməsi onun daxili və xarici təsirlərə qarşı həssaslığını sual altına qoyur. Buna görə də hər birimiz milli kimliyimizin möhkəmləndirilməsi üçün səylərimizi birləşdirməliyik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin xalqımızın mənəvi və mədəni dəyərlərinə əsaslanaraq irəli sürdüyü azərbaycançılıq ideologiyasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, müasir dövrdə bu ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sağlam mənəviyyatla formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar, sosial və mədəni təşəbbüslərlə milli kimliyimizin qorunmasına mühüm töhfələr verir.

Komitə sədri qloballaşmanın inteqrasiya, inkişaf üçün yaratdığı imkanlarla yanaşı, milli dəyərlərin aşınması və yad ideologiyaların sürətlə yayılması kimi ciddi təhdidlərə səbəb olması barədə də danışıb. Vurğulayıb ki, müasir informasiya mühitində dini və milli kimliklə bağlı ayrı-seçkilik yaratmaq cəhdlərinə də rast gəlinir. Təlim-tərbiyə sistemində gənclərin mənəvi dəyərlər əsasında formalaşması, rəqəmsal platformalarda maarifləndirici fəaliyyətin genişləndirilməsi və sosial statusundan asılı olmayaraq, hər birimizin milli-mənəvi irsimizə sahib çıxması vacibdir. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli məhz bu kontekstdə xüsusi rol oynayır.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Sabir Hacıyev bildirib ki, 30 ilə yaxın müddət ərzində ərazilərimizin 20 faizi işğal altında idi. Lakin 5 il öncə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun, şəhid və qazilərimizin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad edilib. Nəticədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Azad olunmuş ərazilərimizdə bərpa olunan dini ibadət yerləri Azərbaycanın güclü dövlət olmasının bariz göstəricisidir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev qeyd edib ki, milli düşüncəyə sahib olan cəmiyyətin yüksəlişi üçün mənəviyyatın zənginləşdirilməsi vacibdir. Bunun üçün savad və bilik əsas şərtlərdəndir və din xadimləri bu məsələyə xüsusi diqqət göstərməlidirlər. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən məscidlərdə icra edilən “Hər məsciddə kitabxana” layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, məscidlərin maarifləndirici funksiyasının gücləndirilməsi, milli-mənəvi və dini dəyərlərin təbliği, xüsusilə, gənclərin mütaliəyə təşviq olunması vacibdir. Məscidlərdə kitabxanaların yaradılması isə bu məkanların sosial və mədəni rolunu genişləndirərək, onları yalnız ibadət yeri deyil, həm də elm, bilik və maarifləndirmə mərkəzi kimi inkişaf etdirir.

Sonra konfransın işini “Ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları” və “Milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətə çatdırılmasında din xadimlərinin rolu” mövzularında panel sessiyaları ilə davam etdirib.

Seçilən
8
2
azertag.az

3Mənbələr