AZ

Mehdiyev öz yerinə oğlunu HAZIRLAYIBMIŞ? – SENSASİON DETALLAR 

Azərbaycan siyasi tarixində uzun illər yüksək vəzifələr tutmuş Ramiz Mehdiyevin Rusiya siyasi dairələri ilə olan yaxın əlaqələri yenidən gündəmə gəlib.

Son günlər üzə çıxan foto və məlumatlar göstərir ki, Mehdiyev müxtəlif beynəlxalq platformalarda, xüsusilə də Rusiyada keçirilən həm açıq, həm də qapalı görüşlərdə tək olmayıb — oğlu Teymur Mehdiyev də bu proseslərdə iştirak edib.

İlk baxışdan adi müşayiət təsiri bağışlayan bu detal əslində post-sovet siyasi sistemində təsadüfi hesab edilmir.

Məlumata görə, Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib və həmin görüşlərdə oğlu Teymur Mehdiyevin diplomatik masada, hətta Nikolay Patruşev kimi yüksək rütbəli rəsmilərlə eyni sırada əyləşməsi diqqət çəkib.

Analitiklərə görə, Mehdiyev bu addımla həm ailə təhlükəsizliyinə dair mesaj verib, həm də “varislik ideyasını” nümayiş etdirib.

Siyasi ekspertlər bildirir ki, post-sovet məkanında yüksək vəzifəli şəxslərin ailə üzvlərini mühüm görüşlərə aparması sosial jestdən çox siyasi siqnaldır. Bu praktika xüsusilə Rusiya, Qazaxıstan, Tacikistan və Belarus kimi ölkələrdə geniş yayılıb. Belə ki, şəxsi əlaqələr üzərində qurulan siyasi sistemlərdə ailə üzvünün yüksək səviyyəli görüşlərdə görünməsi onun gələcək diplomatik və siyasi roluna zəmin yaradır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan “Ağ Partiya” sədri Tural Abbaslı bildirib ki, Mehdiyevin protokola uyğun olmasa da, yüksək səviyyəli görüşlərə ailə üzvü olan oğlunu aparması qətiyyən yolverilməz hadisədir. Burada təkcə Mehdiyevin özü deyil, həm də qarşı tərəfin – Rusiya nümayəndələrinin bu prosesi qəbul etməsi diqqət çəkir.

Yəni Rusiya tərəfinin Mehdiyevin özü ilə gətirdiyi oğlunu qeyri-rəsmi protokolda belə qəbul etməsi maraqlı faktdır və bu, onu göstərir ki, Rusiya dövləti “atalarla yox, həm atalarla, oğullarla, nəvələrlə” – yəni silsilə nəsil prinsipi ilə işləmək ənənəsini davam etdirir.

Tarixə baxanda da görürük ki, Rusiyada belə bir dövlət ənənəsi olub: öz yaxın çevrələrinin oğulları ilə də, nəvələri ilə də dövlət səviyyəsində əməkdaşlıq ediblər. Bu proses Çar Rusiyası dövründə də olub, Sovet dönəmində də davam etdirilib.

Partiya sədri qeyd edib ki, Mehdiyev də bu amili bildiyi üçün öz oğlunu Rusiya dövlətinə özünün potensial davamçısı kimi təqdim etməyə çalışıb:

“Əgər nəzərə alsaq ki, artıq Teymur Mehdiyev də Patruşev ilə eyni masada əyləşə bilirdisə, bu, Rusiyanın onu qəbul etdiyi təəssüratını yaradır. Buna görə biz bu gün təkcə Mehdiyevi yox, həm də onun oğlunun Rusiya ilə bu və ya digər əlaqələrini araşdırmalıyıq. Çünki oğlu nə Prezident Administrasiyasının üzvü idi, nə də ordunun əməkdaşı. O, güc strukturlarından birinin müavini olub.

Bu isə o deməkdir ki, Mehdiyev həm özü, həm də ailəsi üçün uzunmüddətli təhlükəsizlik təminatı yaratmağa çalışıb – həm cəmiyyətə, həm də Rusiyaya bunun mesajını verib. Çünki Mehdiyevin “vurulmaq” kimi bir gözləntisi olmayıb; o hesab edib ki, Rusiya onu qoruyur, ondan sonra oğlunu da qoruyacaq, oğlundan sonra isə Dubayda 600 minlik maşında gəzən nəvəsini də.

Bir mənada Mehdiyev dövləti fakt qarşısında qoymaq istəyib.

İndi biz araşdırsaq, mümkündür ki, Mehdiyevin həyat yoldaşının qızının da Rusiya və onun xüsusi xidmət orqanları ilə müəyyən bağlılıqlarını tapmaq olar. Hər halda bu məsələnin araşdırılması çox vacibdir. Ümumiyyətlə, ata barədə “dövlətə xəyanət” və “hakimiyyəti zorla ələ almaq” maddələri ilə cinayət işi açılıbsa, təbii olaraq oğlu da xüsusi istintaq tədbirlərinə cəlb edilməlidir və onun ətrafında da araşdırmalar aparılmalıdır.”

Tural Abbaslı əlavə edib ki, bu fotolar üzə çıxdıqca məlum olur ki, görünür, Teymur Mehdiyev də bu proseslərdə qeyri-rəsmi şəkildə aktiv iştirak edib:

“Mənim heç bir zəmanətim yoxdur ki, o atasının əməllərindən xəbərsiz olub və bu proseslərə qarışmayıb. Buna görə də məsələ araşdırılmalıdır. Biz hər dəfə deyirik ki, Mehdiyev həbs olunmalı, ətraf mühitdən tam təcrid edilməlidir. Çünki o, öz xəyanətkar şəbəkəsini o qədər geniş formalaşdırıb ki, hara əl atırsan, onun adı çıxır.

Bu baxımdan Mehdiyevin özü də, oğlu da, ailə üzvləri də, yaxın çevrəsi də istintaqa cəlb edilməlidir.

Şərqdə varislik məsələsinin necə qəbul olunduğu hamıya məlumdur. Burada söhbət siyasi varislikdən gedir və bu aspekt də diqqətdən kənarda saxlanılmamalıdır. Bu, Mehdiyevin yay tətilinə çıxıb ailəsi ilə birlikdə dəniz kənarına istirahətə getdiyi adi səfər deyil. Söhbət Rusiyanın ən yüksək səviyyəli hüquq-mühafizə orqanlarının rəhbərlərindən biri ilə keçirilən görüşdən gedir və bu görüşdə oğlunun da iştirak etməsi mütləq araşdırılmalı, müvafiq addımlar atılmalıdır”.

 

Seçilən
57
1
nocomment.az

2Mənbələr