İspaniya, İrlandiya, Niderland və Sloveniya İsrailin musiqi yarışmasında iştirakına icazə verilməsinə görə “Eurovision-2026”dan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "France24" telekanalı məlumat yayıb.
Əvvəllər bu ölkələr İsrailin Qəzza sektorundakı döyüş əməliyyatları səbəbindən “Eurovision”a qatılmasına qarşı çıxırdılar.
Dekabrın 4-də Avropa Yayım Birliyi (AYB) bildirib ki, İsrail “Eurovision”da iştirak edə biləcək. Bu qərar Cenevrədə keçirilmiş təşkilatın Baş Assambleyasındakı səsvermənin nəticələrinə əsasən qəbul edilib.
Sentyabr ayında AYB yarışmanın təşkilatında iştirak edən yayım şirkətlərinə məktub göndərərək İsrailin dövlət yayım şirkəti olan "Kan"ın Qəzzadakı vəziyyət fonunda tədbiri yayımlamasına icazə verilməsi məsələsi üzrə yaxınlaşan səsvermədən xəbərdar etmişdi. Bu qərar, İsrailin iştirakına icazə veriləcəyi təqdirdə İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniya daxil olmaqla bir sıra Avropa yayım şirkətlərinin boykot təhdidləri səbəbindən qəbul olunmuşdu.