Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan ərazisindən qanunsuz aparılmasına görə cərimələr iki dəfə artırılır.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə-
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.