AZ

Hərbi xidmətə çağırılan şəxslərlə bağlı YENİ QANUN – Nələr olacaq?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən yeni dəyişikliklər dövlət qulluğunda çalışan şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırıldığı anda yaranan hüquqi və sosial məsələləri kompleks şəkildə tənzimləməyə yönəlib. Layihəyə əsasən, dövlət qulluqçusu hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilə bilər. Bununla belə, həmin şəxslər sosial təminatsız qoyulmur — dövlət qulluqçusuna orta aylıq məvacibin üç misli miqdarında müavinət ödənəcək.

Bu yenilik həm sosial təminat baxımından gücləndirilmiş yanaşmadır, həm də hərbi çağırış zamanı dövlət orqanlarındakı kadr idarəçiliyinə çeviklik gətirəcək.

Dəyişikliklərə görə, hərbi xidmətdən qayıdan şəxs 60 təqvim günü ərzində müvafiq dövlət orqanına müraciət etdiyi halda, əvvəlki vəzifəsinə və ya analoji vəzifəyə bərpa ediləcək. Həmçinin müddətli həqiqi hərbi xidmətdə olduqları dövr də dövlət qulluğunda ümumi qulluq stajına əlavə ediləcək. Bu müddəalar hərbi xidmətə gedən dövlət qulluqçularının xidmət müddətində itkilərlə üzləşməməsi, sosial sabitliyin qorunması və onların dövlət orqanlarına qayıdışının təmin edilməsi məqsədi daşıyır.

Ramil Məmmədli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirilib ki, qanunda nəzərdə tutulan dəyişikliklər təhlükəsizlik, dövlət idarəçiliyi və sosial yönümlü siyasət arasında balans yaradacaq:

“Müddətli hərbi xidmət dövlətin müdafiə qabiliyyətinin mühüm elementidir. Dövlət qulluğunda çalışan şəxslərin hərbi xidmətə çağırıldıqda müəyyən təminatlara malik olması vacibdir. Bu dəyişikliklər onların həm motivasiyasını qoruyur, həm də xidmətə gedərkən iş yerləri ilə bağlı narahatlığı azaldır. Bu yanaşma ordunun ehtiyac duyduğu zaman daha geniş kadr potensialına çıxışını da təmin edir”.

Ekspertin fikrincə, hərbi xidmət dövrünün qulluq stajına əlavə edilməsi dövlətin xidmət edən vətəndaşa verdiyi dəyərin göstəricisidir:

“Bu, çox düzgün addımdır. Hərbi xidmət, əslində, dövlət qarşısında ən yüksək səviyyədə yerinə yetirilən öhdəlikdir. Bu müddətin nəzərə alınması dövlət qulluğunda sosial ədalət prinsipini gücləndirir”.

Əkrəm Həsənov

Saytımıza danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, müavinətin məhz orta aylıq əmək haqqının üç misli məbləğində müəyyən edilməsi sosial təhlükəsizlik mexanizminin gücləndirilməsinə yönəlib və bu yanaşma dövlət büdcəsi üçün əlavə, lakin idarəolunan yük yaradır:

“Hərbi xidmətə gedən dövlət qulluqçusuna birdəfəlik müavinətin verilməsi həm onun sosial müdafiəsinin təminatıdır, həm də iqtisadi baxımdan planlı xərclənmədir. Bu vəsait davamlı ödəniş xarakteri daşımadığı üçün büdcə təsiri məhduddur. Ən önəmlisi isə odur ki, dövlət qulluqçusu gəlirlə bağlı narahatlıq keçirmədən hərbi xidmətə gedə bilir. Bu, həm də sosial sabitliyi təmin edir.

İqtisadçı həmçinin hərbi xidmətdən qayıdan şəxslərin əvvəlki vəzifələrinə bərpasını əmək bazarı baxımından müsbət qiymətləndirir:

“Bu mexanizm kadr dövriyyəsində boşluqların yaranmasının qarşısını alır. Təcrübəli dövlət qulluqçusunun geri qayıtmasına şərait yaratmaq həm insan kapitalının qorunmasıdır, həm də dövlət idarəetməsi baxımından səmərəliliyi artırır”.

Seçilən
43
33
nocomment.az

10Mənbələr