AZ

Məhsətiyə daş atanların qaranlıq üzü

Düzgün Atalı

Millətlər xaricdən gələn düşmənlə yox, içindən çıxan satqınla yıxılır. Dünya tarixi bunu min dəfə göstərib. Qalaları, orduları, şəhərləri dağıdan qüvvələr çox olub, amma bir millətin ruhunu, özünüdərkini, kimliyini dağıdanlar həmişə içindən çıxan satqınlar olub. Qılıncların, topların, bombaların bacarmadığını bir “ziyalı” paltarı geyinmiş mənəvi xəyanətkar bircə cümlə ilə bacarıb. O cümlə sənin canına yox, fikrinə girir; sənin evini yox, düşüncəni yandırır; sənin torpağını yox, ruhunu alır. Ona görə də ən qorxulu düşmən qarşıdan gələn deyil — içəridə gizlənəndir.

Bu millətin başına gələn ən böyük bəla düşmənin külü, atəşi, gülləsi deyil. Ən böyük zərbə içimizdən çıxan “ziyalı” maskalı üz qaralarının əlindən dəyib. Son illər bir dəstə dırnaq-arası “fikir adamı” var ki, özlərini cəmiyyətin ağlı, sözün sahibi, azad düşüncənin təmsilçisi kimi göstərirlər. Amma gerçəkdə etdikləri yalnız bir şeydir: millətin özünü öz gözündə kiçiltmək, tarixini təhqir etmək, dəyərlərini alçaltmaq və bunun adına “müasirlik” demək.

UNESCO kimi dünya miqyaslı bir qurum Məhsəti Gəncəvinin 900 illiyini beynəlxalq səviyyədə qeyd etməyə qərar verir. Bu — illərin, əsrlərin süzgəcindən keçmiş bir dəyərin dünyaca tanınmasıdır. Belə qurumlar adətən yüz ölçüb bir biçir, dəyərdən xəbəri olmayan adamların əlinə düşən sosial şəbəkə mikrafonları kimi işləmir. Deməli, Məhsəti Gəncəvi dünya mədəniyyətinin formalaşmasında öz izini qoymuş bir addır. Amma içimizdəki bəzi sözbazlar elə bil ki, bu xəbəri eşidəndə sevinmir, əksinə, qəzəblənir. Sanki milli dəyər ucaldıqca onların içindəki natamamlıq hissi daha çox qabarır.

Onlar üçün öz millətinə tüpürmək “özünəməxsus baxışdır”, tarixini aşağılamaq “cəsarətdir”, xalqını təhqir etmək isə “intellektual tənqid”. Halbuki bu nə tənqiddir, nə cəsarət, nə də fikir. Bu - öz kökünə qəsddir. Bu - milli ruhun boşluğundan doğan satqınlıqdır.

Bu üz qaralarına sadə bir sual var: Siz bu millətə niyə bu qədər nifrət edirsiniz?

Gərək ki, hələ özünüz də bunun cavabını bilmirsiniz. Bilmirsiniz, çünki siz tənqidçi deyil, komplekslərinin içində boğulan xəyalpərəstlərsiniz. Həqiqəti axtaran yox, həqiqətdən qaçansınız. Kimliyindən utanırsınız və bu utancı gizlətmək üçün kimliyi təhqir etməyə çalışırsınız.

Ermənilər Kim Kardaşyan kimi biri əxlaqsızdan "azadlıq mələyi" düzəltdikləri halda, siz Məhsəti Gəncəvi kimi bir söz ustasını “əxlaqsız” adlandıra biləcək qədər cılızsınız. Bu, tənqid deyil — bu, əxlaqsızlığın ən açıq formasıdır. Məhsəti Gəncəvinin şeirləri sizin kimi natamam ruhların anlamağa gücü çatmayan bir zəriflik daşıyır. O zərifliyi anlamayan adam ona daş atmaqla öz içindəki qaranlığı gizlətməyə çalışır.

Təəssüf ki, bizdə belə adamlar çoxdur: milləti yüksəltmək yerinə, baltanı millətin öz belinə vururlar. Xalqını aşağılamaq onlar üçün guya “ağıl əlamətidir”. Əslində isə bu, ağıl deyil — mənəvi qıtlıqdır.

Xeyr! Bu nə tənqiddir, nə düşüncədir, nə də yeni dövrün iddia etdiyi bir sərbəstlik. Bu - millətin damarlarına yeridilən soyuq zəhərdir. Bu - içimizdə gizlənmiş düşmənin öz dililə danışmaqdır. Düşmən heç vaxt milləti içdən yıxmaq üçün çox əziyyət çəkmir. Çünki onun yerinə iş görən satqınlar var.

Bəzən bir satqının qələmindən çıxan cümlə düşmənin yüz tankından, min mərmisindən daha ziyanlı olur. Çünki tank torpağı dağıdır, amma satqın beyni dağıdır. Mərmi divarı yıxır, amma satqın vicdanı yıxır. Düşmən səngərə atəş açır, satqın isə millətin ruhunun ortasına.

Unutmaq olmaz: xaricdən gələn düşmən torpağı ala bilər — amma içimizdən çıxan düşmən milli ruhu öldürür. Torpaq geri qaytarılar, amma ölmüş ruhı diriltmək bəzən bir xalqın bir əsrini aparır. Ona görə də bu gün ən böyük savaş səngərdə yox, düşüncə müstəvisində gedir. Millətin ruhu bu savaşın ən ön cəbhəsidir. O ruhu qorumaq isə hər bir vicdanlı insanın borcudur.

Və bilin: ziyalı maskalı satqınların dövrü sona çatır. Sosial şəbəkələrdə, efirlərdə, məqalələrdə gizlətdikləri maskalar artıq yırtılır. Onların saxtalığı görünür, hiylələri ifşa olunur. Millətin qapısında bu gündən etibarən onların yalanı yox — öz həqiqətimizin gücü dayanacaq. Bu millətin sözünü də, dəyərini də, kimliyini də satqınlar deyil, xalqın özü qoruyacaq.

Seçilən
25
turkustan.az

1Mənbələr