ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Sosial şəbəkələrdə parklanma ilə bağlı yanlış cərimələnmə halları barədə müraciətlər yayılıb. Bildirilir ki, bəzi hallarda tətbiqin yanlış ünvan və ya kod təyin etməsi səbəbindən parklanma ödənişini edən sürücülər belə cərimələniblər.
Redaktor.az-a danışan radio aparıcısı, nəqliyyat eksperti Raqif Raufoğlu bildirdi ki, əslində, son vaxtlar tətbiqi təkmilləşdiriblər:
"Məsələn, artıq görürük ki, bir küçənin sağ və solu, ümumiyyətlə bütün küçə eyni kod altında birləşdirilir. Əvvəllər isə eyni küçədə dörd-beş fərqli kod görmək olurdu, demək olar ki, hər arakəsmədən sonra kod dəyişirdi. Bu baxımdan indi vəziyyət daha yaxşıdır, sistem təkmilləşib. Düşünürəm ki, əgər belə hallar həqiqətən kifayət qədərdirsə, bunun operativ həlli üçün AYNA-nın qaynar xətti daha çevik işləməlidir. Hətta bəlkə də sırf bu məsələ ilə məşğul olan ayrıca bir əməkdaş təyin olunmalıdır. Çünki buradan kifayət qədər ödəniş toplanır və hər hansı səhvə görə vətəndaş müraciət edib uzun müddət gözləməməlidir. Belə hallarda operativ reaksiya vacibdir ki, vətəndaş məmnunluğu təmin olunsun. Amma qeyd etdiyim kimi, son vaxtlar mən şəxsən bu problemi çox müşahidə etmirəm. Əksinə, düşünürəm ki, bütün küçənin eyni kod altında birləşdirilməsi yaxşı addımdır".

Ekspert bildirdi ki, artıq küçənin sağında başqa, solunda başqa kod axtarmağa ehtiyac qalmır:
"Sadəcə başqa bir problem var. Məsələn, bizə müraciət olur ki, sürücü maşını saxlayıb, özü də avtomobildə oturub və deyir ki, “beş dəqiqə gözləyirdim, sonra gedəcəkdim”, amma həmin vaxt əməkdaş gəlib cərimə tətbiq edib. Burada vətəndaş başa düşməlidir ki, “cəmi 5 dəqiqə dayanmışdım” yanaşması düzgün deyil. Çünki əməkdaş sənin orada 5 dəqiqədir dayandığını, yoxsa 15 dəqiqədir gözlədiyini bilmir. Onsuz da 15 dəqiqə pulsuzdur sadəcə sistemi aktivləşdirirsən və sonra, məsələn, 10 dəqiqə sonra çıxanda rahat şəkildə sonlandırırsan. Yəni əsas problemlər daha çox bunlardır".
Xədicə BAXIŞLI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.