AZ

WUF13: Azərbaycan dünyada təhlükəsizlik adası kimi tanınır

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə Azərbaycan növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gəlib. 

COP29 və digər beynəlxalq tədbirlərin Azərbaycanda təşkili ölkəmizin belə mühüm və qlobal əhəmiyyət daşıyan tədbirlərə uğurla ev sahibliyi etdiyini göstərir. Bu isə Azərbaycanın beynəlxalq müstəvidə müsbət imicinin formalaşmasının mühüm göstəricilərindən biridir". 

Bunu “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı danışarkən Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, təkcə Bakıda deyil, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə və Azərbaycanın regionlarında da bir sıra beynəlxalq tədbirlər uğurla həyata keçirilir: 

"Bu tədbirlər həm təşkilatçılıq səviyyəsi, həm də verdiyi mesajlar baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirdiyini göstərən əsas amillərdəndir”. 

Deputat əlavə edib ki, tədbirdə 182 ölkədən 40 mindən çox nümayəndənin iştirakı faktiki olaraq Azərbaycanın bu cür genişmiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə idarə edə bilən ölkə kimi reputasiyasını daha da gücləndirir: 

"Bu, bütün dünyaya verilən mühüm mesajdır ki, ən narahat, həssas regionlardan birində yerləşən Azərbaycan təhlükəsizlik adası kimi çıxış edir, beynəlxalq münasibətlərin formalaşmasına real töhfə verən ölkələr sırasındadır. 

Bu kontekstdə belə beynəlxalq tədbirlərin keçirilməsi ölkənin müsbət imicinin formalaşmasına xidmət etməklə yanaşı, Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda da əhəmiyyətinin artmasına, eləcə də ona olan beynəlxalq diqqətin daha da güclənməsinə səbəb olan əsas amillərdən biridir". Arzuxan Əlizadə qeyd edib ki, bu cür tədbirlər təkcə şəhərsalma məsələlərini əhatə etmir: 

"Belə platformalar eyni zamanda ikitərəfli və çoxtərəfli diplomatik münasibətlərin, iqtisadi və ticari əlaqələrin, eləcə də logistik əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər münasibətlərin daha da yaxınlaşmasına və gələcək perspektivlərin açılmasına xidmət edən vacib mexanizmlər kimi diqqət mərkəzində olmalıdır. 

Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etməsi həm də mühüm siyasi mesajlar verir. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan regionun əsas söz və güc sahibinə çevrilmiş ölkələrdən biridir. Regionda həyata keçirilməsi nəzərdə tutulan bir çox strateji layihələrin müəllifi və əsas hərəkətverici qüvvəsi məhz Azərbaycandır. 

Eyni zamanda, Azərbaycan özünü təhlükəsizlik adası kimi təqdim etməklə müxtəlif spektrli ölkələr və fərqli siyasi qütblərdə yer alan güclərlə normal, bərabərhüquqlu münasibətlər qurmaq imkanına malik olduğu mesajını verir". O vurğulayıb ki, Azərbaycan həm də Şərq və Qərb arasında körpü rolunu oynayan ölkə kimi diqqət mərkəzindədir: 

"Cənubi Qafqazın əsas logistik və diplomatik mərkəzlərindən biri olaraq, postmünaqişə dövründə bərpa modelinin necə həyata keçirilməsi fonunda bu prosesləri idarə edə bilən ölkə nümunəsi kimi dünyaya açılır. Bu, təbii ki, olduqca vacib amillərdəndir. 

Çünki Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma məsələlərinin gündəmdə olması, həmçinin bu proseslərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması tədbirdə verilən əsas mesajlardan biri kimi qiymətləndirilməlidir. 

İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi, yaşıl enerji və bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerjisindən istifadənin genişləndirilməsi Azərbaycanın yeni inkişaf modelini nümayiş etdirir. 

Eyni zamanda, günəş və külək enerjisi istehsal edən ölkə imicinin formalaşması və gələcəkdə alternativ enerjinin digər ölkələrə ixracı məsələlərinin gündəmdə olması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır". 

Millət vəkilinin sözlərinə görə, növbəti dəfə dünyaya mesaj verilir ki, Azərbaycan balanslaşdırılmış, çoxvektorlu siyasət yürütmək qabiliyyətinə malik dövlətdir: 

"Azərbaycan eyni vaxtda həm Qərb institutları, Avropa ölkələri və ABŞ ilə, həm Çinlə, həm də türk dünyası ilə əməkdaşlıq etmək bacarığını nümayiş etdirir. Bununla yanaşı, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı da göstərir ki, ölkəmiz həm regional, həm də qlobal güclərlə balanslaşdırılmış siyasət yürüdərək münasibətlər qurmaq imkanına malikdir. 

Təbii ki, bu da Azərbaycanın dünyaya verdiyi əsas mesajlardan biridir. Belə tədbirlərdə yalnız şəhərsalma məsələləri deyil, eyni zamanda bu istiqamətdə siyasi və diplomatik mesajlar da verilmiş olur". Arzuxan Əlizadə qeyd edib ki, konkret olaraq digər mühüm məsələ tarixi və memarlıq irsinin qorunması ilə müasirliyin balanslaşdırılmış şəkildə inkişaf etdirilməsidir ki, bu da verilən əsas mesajlar sırasındadır: 

"Məsələ burasındadır ki, Bakı şəhəri həm tarixilik, həm də müasirliyin qovuşduğu şəhər kimi diqqət mərkəzindədir. Konkret nümunələrlə göstərilir ki, tarixi binalar təkcə muzey eksponatı kimi qorunmur, eyni zamanda müasir funksiyaları özündə ehtiva edən məkanlar kimi də aktuallığını saxlayır. 

Bakıda tarixi abidələrin qorunub saxlanılması, eləcə də tarixi tikililərin yeni və müasir infrastrukturla balans təşkil etməsi artıq dünyaya verilən mühüm mesajlardan biri kimi qeyd oluna bilər. 

Şəhər bir tərəfdən sürətli urbanizasiya dövrünü yaşayan mərkəz kimi diqqət çəkirsə, digər tərəfdən qədimliyi özündə yaşadan İçərişəhərə malikdir. Bununla yanaşı, neft dövrü memarlığını əks etdirən komplekslər və müasir dövrün memarlıq nümunələrinin bütün bu tarixiliklə vəhdət təşkil etməsi Bakını xarakterizə edən əsas xüsusiyyətlərdəndir. 

Bu model təkcə Bakı üçün deyil, beynəlxalq miqyasda da nümunə kimi diqqətə çatdırılır". Deputat bildirib ki, şəhər infrastrukturunun yenilənməsi, metro və avtobus şəbəkəsinin inkişafı, eləcə də velosiped infrastrukturunun formalaşdırılması bu gün böyük şəhərlərin əsas diqqət mərkəzində olan məsələlərdəndir: 

"Tıxac probleminin həlli, şəhərlərin ekoloji çirklənməsinin qarşısının alınması və dayanıqlı inkişaf modelinin formalaşdırılması dünyanın bir çox ölkəsini narahat edən məsələlər sırasındadır. 

Bu baxımdan, yeni urbanizasiya modellərinin müzakirəsi, həmin tədbirlər vasitəsilə mesajların verilməsi və Azərbaycan modelinin beynəlxalq ictimaiyyətə təqdim olunaraq daha geniş müstəvidə tanıdılması əsas amillərdən biri kimi çıxış edir. Məhz buna görə də şəhərsalma forumunda bu məsələlər xüsusi diqqət mərkəzində saxlanılır". 

Əfsanə Rəcəb 

"Cebheinfo.az"

Açar sözlər:

WUF13 Arzuxan Əlizadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr