AZ

Borcu olan şirkətlərin brendlərinə həbs qoyulur

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiyanın Federal Vergi Xidməti şirkətlərlə bağlı yoxlamalarda artıq yalnız bank hesablarını deyil, həm də marka hüquqları və proqram təminatları kimi qeyri-maddi aktivləri də dondurmağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, yeni tətbiqə əsasən, vergi borcu olan şirkətlərin patentləri, ticarət nişanları, məlumat bazaları, proqram təminatı hüquqları və hətta brend istifadə hüquqları vergi orqanının icazəsi olmadan satıla, ötürülə və ya girov kimi göstərilə bilməz.

“Forbes”-ə danışan ekspertlərin sözlərinə görə, bu addım xüsusilə informasiya texnologiyaları şirkətləri, rəqəmsal platformalar, onlayn təhsil firmaları və media sektoruna birbaşa təsir göstərə bilər. 

Çünki bu şirkətlərin əsas dəyəri zavod və ya bina deyil, məhz intellektual mülkiyyət hüquqlarından ibarətdir. Hüquqşünaslar bildirirlər ki, əvvəllər yalnız istisna hallarda tətbiq olunan bu cür tədbirlər artıq mübahisəli vergi işlərinin təxminən 85 faizində istifadə olunur.

Rusiya vergi orqanları isə tətbiqin əsas məqsədinin şirkətlərin əmlakı gizlətməsinin qarşısını almaq olduğunu vurğulayır. Vergi Xidməti yeni rəqəmsal nəzarət sistemi vasitəsilə şirkətlərin “risk profilini” analiz edərək mümkün pozuntuları əvvəlcədən müəyyən etdiyini açıqlayıb. 

Qurumun məlumatına görə, avtomatik nəzarət mexanizmləri sayəsində borclu şirkətlərin sayı son illərdə iki dəfə azalıb. 2025-ci ildə yalnız borc toplama tədbirləri hesabına büdcəyə 1,4 trilyon rubl, həcmində gəlir daxil olub.

Yeni tətbiq biznes dairələrində ciddi narahatlıq yaradıb. Ekspertlər bildirirlər ki, xüsusilə marka və proqram təminatı hüquqlarının bloklanması investorları çəkindirə, şirkətlərin maliyyəyə çıxışını çətinləşdirə bilər. 

Bəzi hüquqşünaslar bu cür məhdudiyyətlərin iflas riskini artıracağını düşünür. Digər tərəfdən, bəzi mütəxəssislər qeyri-maddi aktivlərin girov kimi qəbul edilməsinin şirkət hesablarının tam bloklanmasının qarşısını ala biləcəyini deyirlər.

Rusiyada vergi yoxlamaları son dövrlər getdikcə daha çox rəqəmsallaşır. Vergi orqanları artıq yalnız klassik mühasibat əməliyyatlarını deyil, həm də şirkətlərin proqram lisenziyalarını, platforma gəlirlərini, marketpleys fəaliyyətlərini və frilanserlərlə münasibətlərini də detallı şəkildə araşdırır. 

Xüsusilə marketpleyslərin 2026-cı ilin sonundan etibarən satıcı gəlirlərini hər ay birbaşa vergi xidmətinə bildirmək öhdəliyi dövlətin rəqəmsal iqtisadiyyat üzərində nəzarətini daha da gücləndirəcək.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr