AZ

Türkiyə İvanka Trampa sui-qəsd hazırlayan iraqlını ABŞ-a ekstradisiya etdi

Türkiyə İvanka Trampa sui-qəsd hazırlayan iraqlını ABŞ-a ekstradisiya etdi

Türkiyə hakimiyyəti 23 may tarixində İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan və ABŞ prezidenti Donald Trampın qızı İvankaya qarşı sui-qəsd hazırlayan iraqlını ABŞ-a ekstradisiya edib.

AFN.az xəbər verir ki, Türkiyə hakimiyyətinin ABŞ-a təhvil verdiyi həmin şəxs İrana bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan və İvanka Trampa qarşı sui-qəsd planlaşdırmaqda ittiham edilən iraqlıdır. Məlumata görə, 32 yaşlı Məhəmməd Bakir Saad Davud əl-Saadi təkcə SEPAH-la deyil, həm də “Kataib Hizbullah” hərəkatı ilə əlaqədə olub və 2020-ci ildə amerikalı hərbçilərin İran generalı Qasım Süleymanini öldürməsinə cavab olaraq İvanka Trampı qətlə yetirmək istəyib. O, sosial şəbəkələrdə İvanka Trampın yaşadığı ərazi ilə bağlı xəritələr paylaşıb və ərəb dilində hədələr yazıb.

ABŞ-ın Vaşinqtondakı İraq səfirliyinin keçmiş hərbi attaşesinin müavini Entifad Kanbar The New York Post qəzetinə bildirib ki, həmin şəxs insanlara “İvankanı öldürməliyik ki, Trampın evini də bizim evimizi yandırdığı kimi yandıraq” kimi sözlər deyib və onun Floridada İvankanın evini ələ keçirmə planı olduğu barədə məlumatlar olub.

Məlumata görə, əl-Saadi 15 mayda Türkiyədə saxlanılıb. ABŞ onu Qərb ölkələrində Amerika və yəhudi obyektlərinə qarşı hücumların təşkilində və koordinasiyasında ittiham edir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, o, Niderlandda bankın yandırılması, Böyük Britaniyada iki yəhudiyə hücum və Kanadada ABŞ konsulluğu yaxınlığında atışma hadisəsində iştirak edib. İddialara görə, o, Qasım Süleymani ilə şəxsi əlaqə saxlayıb və SEPAH daxilində təlim keçib. Həbsi zamanı üzərində İraq xidməti pasportu aşkarlanıb.

Eyni zamanda, ABŞ mediasının yazdığına görə, 25 apreldə Tramp və həyat yoldaşı Melaniya Ağ Evin müxbirlər assosiasiyasının şam yeməyindən silah səsləri eşidildiyi üçün təxliyə edilib. Daha sonra atəşi açan şəxsin saxlanıldığı bildirilib. CNN telekanalı 27 apreldə həmin şəxsin ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi ilə ittiham olunduğunu və ona ömürlük həbs cəzası verilə biləcəyini yayıb. 31 yaşlı həmin şəxs federal məhkəmə qarşısına çıxarılıb və həbsdə olarkən ailəsinə göndərdiyi mesajda administrasiyaya qəzəbini ifadə edib, təhlükəsizlik xidmətini tənqid edib və əfv gözləmədiyini bildirib.

Seçilən
142
15
afn.az

10Mənbələr