AZ

İlham Əliyevin multilateralizmə NÖVBƏTİ TÖHFƏSİ – Azərbaycanın WUF tarixinə damğa vuran TƏŞƏBBÜSLƏRİ

WUF13 artıq tarixdir. Özü də uğurla yazılan tarix. Bir həftə ərzində 176 ölkədən 57 mindən artıq insan bir araya gələrək qlobal urbanizasiya problemlərinin həlli istiqamətində vacib müzakirələr apardı. Müzakirələrə 27 dövlət və hökumət başçısı, BMT-nin yüksək səviyyəli təmsilçiləri, eyni zamanda 70-dək ölkənin nazir və nazir müavinləri qatıldı.

6 gün ərzində tədbir iştirakçıları qlobal urbanizasiya proseslərinə öz töhfələrini verməyə çalışdı. Ən əsası forum iştirakçıları urbanizasiya problemlərinin həllində innovativ Azərbaycan həllərinə şahidlik etdi. Hansı ki, bu həllər təkcə quruculuq elementləri və urbanizasiya problemlərinin həlli deyil, həm də doğma torpağa bağlılığın, sevginin təntənəsidir.

İlham Əliyevin tarixi mesajı

Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çox gözəl ifadə etdi:

“Torpağın əsl sahibləri məhz belə davranırlar. Onlar dağıtmaq, məhv etmək və insanlara əzab gətirmək üçün gələnlərdən fərqli olaraq qurur, yaradır və dirçəldirlər. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq”.

Azərbaycan modeli qlobal maraq doğurdu

WUF13-ün uğurla təşkil edilməsini, Azərbaycan nümunəsinin unikallığını qonaqların açıqlamalarından görmək mümkündür. Belə ki, tədbir iştirakçıları həm aldıqları təəssüratları, həm də şahid olduqları inkişaf modelini yüksək dəyərləndirdilər.
 

Braziliyanın Yamaykadakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, bu tədbir dağıntılardan bərpaya qədər uzanan yenidənqurma təcrübələrinin nümayişidir:


“Biz Azərbaycanı dinləyəcək, onun təcrübələrini öyrənəcəyik. Braziliya olaraq öz təcrübələrimizi də təqdim edəcəyik”.

Cənubi Afrika Respublikasının İnsan Məskunlaşması naziri Thembisile Simelane isə qeyd edib ki, Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək onlar üçün xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycan dayanıqlı şəhərlərin qurulması, iqlim dəyişikliklərinin təsirlərinin araşdırılması və icmaların inkişaf ehtiyaclarının qarşılanması istiqamətində qlobal şəhər gündəliyinə mühüm töhfə verə bilər. WUF13 müxtəlif ölkələr arasında təcrübə mübadiləsi və ortaq həll yollarının müzakirəsi üçün vacib platformadır”.

“Böyük Qayıdış” dünya üçün nümunəyə çevrilir

Bir həftəyə yaxın davam edən forum təkcə Azərbaycanın şəhərsalma və urbanizasiya sahəsində əldə etdiyi nailiyyətlərin təqdimatı ilə yadda qalmadı. Eyni zamanda qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər və formalaşan yeni əməkdaşlıq platformaları qlobal şəhərsalma siyasətində yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət etdi.
 

Xüsusilə forum çərçivəsində keçirilən “Nazirlər görüşü” və yekunda qəbul olunan “Sədrin xülasəsi” sənədi mühüm siyasi-diplomatik əhəmiyyət daşıdı. Sənəddə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma modelinin yüksək qiymətləndirilməsi, həmçinin beynəlxalq həmrəyliyin ifadə olunması ölkəmizin milli maraqlarının qlobal səviyyədə qəbul edilməsinin mühüm göstəricisidir.


Urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən artıq kəndin daxili resurslar hesabına yenidən qurulması, “Böyük Qayıdış” proqramının uğurlu icrası, eləcə də tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları Azərbaycanı postmünaqişə bərpası sahəsində unikal qlobal təcrübə ixrac edən ölkəyə çevirib.

WUF tarixində ilk: Bakı Liderlər Sammitinə ev sahibliyi etdi

WUF13 çərçivəsində ən diqqətçəkən hadisələrdən biri də ilk dəfə təşkil olunan Liderlər Sammiti oldu. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu sammit Ümumdünya Şəhərsalma Forumunun tarixində yeni mərhələ kimi qiymətləndirildi. Üç saat davam edən toplantıda dövlət və hökumət başçıları urbanizasiya, dayanıqlı inkişaf, iqlim çağırışları və gələcəyin şəhərləri ilə bağlı mühüm müzakirələr apardılar.
 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən WUF13 forumun tarixində mühüm dönüş nöqtəsinə çevrilib. Onun sözlərinə görə, 27 dövlət və hökumət başçısının iştirakı tədbirin tarixi əhəmiyyətini daha da artırıb.


Liderlər Sammitində səsləndirilən baxışlar və öhdəliklər beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, daha dayanıqlı, dözümlü və inklüziv şəhər gələcəyinin formalaşdırılmasına töhfə verəcək. Bununla da Bakı təkcə forumun ev sahibi deyil, həm də qlobal şəhərsalma gündəliyinin formalaşdırıldığı əsas siyasi platformalardan birinə çevrildi.

“Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı”

WUF13 həm də Azərbaycanın müəllifliyi ilə qlobal şəhərsalma arxitekturasında institusional iz buraxan təşəbbüslərlə yadda qaldı. Belə təşəbbüslərdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum oldu.

Tədbirin yekununda qəbul edilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünikedə təmiz hava məsələsinin gələcək Ümumdünya Şəhərsalma Forumlarının daimi gündəliyinə daxil edilməsinə çağırış olunması Azərbaycanın qlobal ekoloji gündəliyin formalaşdırılmasında da fəal rol oynadığını nümayiş etdirdi.

Bakı Şəhərsalma Mükafatı qlobal platformaya çevrilir

WUF13 çərçivəsində irəli sürülən ən mühüm təşəbbüslərdən biri də Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təsis etdiyi Bakı Şəhərsalma Mükafatı (Baku Urban Award) oldu. Dayanıqlı şəhər inkişafı və əlçatan mənzil siyasəti sahəsində qabaqcıl urbanizasiya həllərinin təşviqinə xidmət edən bu təşəbbüs Azərbaycanın artıq qlobal şəhərsalma gündəliyinin formalaşmasında fəal rol oynadığını nümayiş etdirdi.
 

Rəsmi təqdimat mərasimində bildirildi ki, Bakı Şəhərsalma Mükafatı uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir potensialına malik praktik şəhər həllərinin beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi fəaliyyət göstərəcək.


Təşəbbüs praktik şəhərsalma həllərinin, elmi yanaşmaların və uğurlu təcrübələrin beynəlxalq siyasətə inteqrasiyasını özündə birləşdirir. Mükafatın təsis olunması Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür.

WUF13 Bakı standartları formalaşır

Eyni zamanda, WUF13-ün təşkilində tətbiq olunan innovativ idarəetmə və əməliyyat yanaşmaları beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. Belə ki, “WUF13 Bakı standartları” əsasında əməliyyat təlimatının hazırlanmasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu ölkəmizin artıq beynəlxalq tədbirlərin təşkilində qabaqcıl təcrübə formalaşdıran mərkəzlərdən birinə çevrildiyini təsdiqlədi.
 

Sənədə əsasən tərəflər gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi edəcək ölkələr üçün əməliyyat təlimatının birgə hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər. Başqa sözlə, Bakıda tətbiq olunan təşkilati model artıq gələcək WUF sessiyaları üçün praktik idarəetmə nümunəsi kimi qəbul olunacaq.


Beləliklə, WUF13 təkcə urbanizasiya problemlərinin müzakirə edildiyi beynəlxalq platforma olmadı. Forum həm də Azərbaycanın quruculuq fəlsəfəsini, innovativ idarəetmə modelini və postmünaqişə dövründə formalaşdırdığı inkişaf strategiyasını dünyaya təqdim edən mühüm siyasi və humanitar hadisəyə çevrildi.

Bizim.Media-nın analitik qrupu

Seçilən
52
14
bizim.media

10Mənbələr