AZ

Ədəbi yaddaş: Qabil və Süleyman Rüstəm poeziyası - FOTO

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinə həsr olunan tədbirlər həm ədəbi-mədəni yaddaşın qorunması, həm də yeni nəsillərə milli düşüncə və söz sənətinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan, festival çərçivəsində təşkil olunan “Qabil – 100” və “Süleyman Rüstəm – 120” adlı tədbirlər Azərbaycan poeziyasının iki böyük simasının yaradıcılıq irsini yenidən dəyərləndirmək, onların milli ədəbiyyat tarixindəki mövqeyini təhlil etmək baxımından diqqətçəkən olub.

Bizim.Media xəbər verir ki, tədbirin ilk hissəsi Azərbaycanın Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunub.
 

MÖVZU İLƏ BAĞLI: 

Cəvahir Qaraqızı: “Bu festival Turan ellərini bir yerdə qovuşduran məkandır” – FOTO


Bölməyə moderatorluq edən filologiya elmləri doktoru, professor Asif Rüstəmli çıxışında Qabil yaradıcılığının Azərbaycan poeziyasında xüsusi bir mərhələ təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, şairin poeziyası təkcə estetik düşüncə deyil, həm də milli-mənəvi irsin poetik ifadəsidir. Qabil öz yaradıcılığı ilə ictimai düşüncəyə təsir göstərən sənətkar kimi yadda qalıb.

Müzakirələrdə iştirak edən filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Yusifli Qabil poeziyasının əsas xüsusiyyətlərindən danışaraq, şairin dil sadəliyi ilə fəlsəfi dərinliyi birləşdirən sənətkar olduğunu qeyd edib. O bildirib ki, Qabilin şeirlərində insan taleyi, zamanın ictimai problemləri və vətəndaşlıq mövqeyi aparıcı xətt təşkil edir.


Filologiya elmləri doktoru, dosent Bahar Bərdəli isə çıxışında Qabil yaradıcılığının müstəqillik dövrü Azərbaycan ədəbiyyatına təsirindən söz açıb. O vurğulayıb ki, şairin poeziyasında milli ruh, azadlıq duyğusu və insanın mənəvi bütövlüyü xüsusi yer tutur.

Filologiya üzrə fəlsəfə doktoru Nurlanə Məmmədova da Qabil poeziyasının estetik məziyyətlərini təhlil edərək, onun Azərbaycan şeirində fərdi üslub yaradan sənətkar olduğunu diqqətə çatdırıb.

Tədbirin növbəti hissəsində “Şeirli dəqiqələr” adlı poetik proqram təqdim olunub. Tanınmış şair Qəşəm Nəcəfzadə öz çıxışı ilə poeziyanın insan ruhuna təsirindən, müasir dövrdə şeirin mənəvi missiyasından danışıb. Şairin səsləndirdiyi poetik nümunələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra “Türk dünyası – bir kök, min bir mədəniyyət” mövzusunda məruzə ilə çıxış edən fəlsəfə doktoru (Dr.) Aytən Qurbanova Türk xalqlarının ortaq ədəbi-mədəni dəyərlərindən bəhs edib.

O qeyd edib ki, Türk dünyasını birləşdirən əsas amillərdən biri ortaq ədəbiyyat, dil və mənəvi yaddaşdır. Məruzədə Türk xalqları arasında mədəni inteqrasiyanın gücləndirilməsi məsələlərinə də toxunulub.

Tədbirin ikinci böyük bölməsi Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr edilib. Bölmənin moderatoru filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva çıxışında Süleyman Rüstəmin Azərbaycan ədəbiyyatında vətəndaş şair kimi mühüm mövqeyə malik olduğunu vurğulayıb.

Professor Vaqif Yusifli isə şairin lirikasının poetik xüsusiyyətlərini təhlil edərək bildirib ki, Süleyman Rüstəm Azərbaycan poeziyasında klassik ənənələrlə müasir poetik düşüncəni birləşdirən sənətkarlardandır. O vurğulayıb ki, Süleyman Rüstəmin əsərləri bu gün də aktuallığını qoruyur və yeni nəsillər üçün mühüm mənəvi qaynaq hesab olunur.

Tədbir ümumilikdə Azərbaycan ədəbiyyatının klassik və müasir ənənələrinin vəhdətini nümayiş etdirən mühüm elmi-mədəni platforma kimi yadda qalıb.










Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
32
1
bizim.media

2Mənbələr