AZ

Əhməd bəy Ağaoğlu Atatürkə görə qızını niyə danlamışdı? 

Türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əhməd bəy Ağaoğlunun qızı, Türk dünyasının ilk qadın vəkili, qadın hüquqları müdafiəçisi Sürəyya Ağaoğlu “Bir ömür belə keçdi” kitabında atası və Mustafa Kamal Atatürklə bağlı maraqlı xatirəni yazıb.

Musavat.com bununla bağlı yazını təqdim edir:

“Ailəyə artıq gənc hüquqşünas kimi dönürdüm. Qrup yoldaşım Məlahət (sonralar Cəfər Təyyar bəyin xanımı) da mənimlə Ankaraya gəlib bizdə qaldı. Ankaraya qayıdışımdan az sonra Atatürk anamı, atamı, Tezeri və məni evinə axşam yeməyinə dəvət etdi. Biz onlara çatanda Lətifə xanım Cavad Abbas bəy və Məqbula xanımın əri Mustafa bəylə birlikdə oturmuşdu.

Lətifə xanım bizi qarşıladı və:

– Kamal tarladadır, – dedi.

Bir az sonra Atatürk gəldi. Boz qolf şalvar və boz kətər geyinmişdi. Böyük bir şövq və ümidlə məşğul olduğu tarladan traktorla qayıtmış, yorğun və məsud görünürdü. Onun:

– Sitarə xanım, Əhməd bəy, üst-başımı dəyişməsəm olarmı? – sualına atam və anam dərhal: - Təbii, Paşam, – cavabını verdilər. Tarladan çox məmnun dönmüşdü. Atama:

– Əhməd bəy, şamlar böyüyüb, az qala meşə olub. Bax, Etlik, Keçiörən işıl-işıl, – dedi.

Halbuki o zaman tarladakı şamlar hələ körpə fidanlar idi, küçələr isə qapqaranlıq idi. Bütün şəhərdə zəif lampalardan istifadə olunur, elektrik işığı yalnız Atatürkün evinə və Ankaranın kiçik bir hissəsinə verilirdi. Atatürk isə gələcəyi yaşayaraq sonsuz xoşbəxtlik duyurdu. Atam:

– Paşam, bunlar hamısı lap yaxın zamanlarda sizin səy və direktivlərinizlə həyata keçəcək, – dedi.

Bu arada İsmet Paşa gəldi. Atatürk təhsilli türk qızları kimi yetişdiyimizə görə mənimlə və Tezerlə fəxr edirdi.

– Bax, İsmet, – dedi, – Sürəyya hüquq fakültəsini bitirdi, Tezer fəlsəfə fakültəsinin son sinfindədir. Türk qızları nə gözəl irəliləyir...

İsmet Paşadan səs çıxmadı. Atatürk:

– Səninlə danışıram, İsmet! – deyə sözlərini bir də təkrarladı.

İsmet Paşa:

– Paşam, təptəzə paltar geyindim, heç görmədiniz, – dedi.

Atatürk son dərəcə soyuq səslə:

– Gülə-gülə geyin, – cavabını verdi və bir müddət danışmadı. İsmet Paşa getdi. Yemək zamanı Atatürk məni sağ, Tezeri sol tərəfində oturtdu. Çox xoşsöhbət idi. Bizə keçmiş günlərinin məzəli xatirələrindən danışırdı. Yemək gələn kimi xidmətçi boşqabı Atatürkə tərəf tutdu, o da götürüb mənə uzatdı. Təbii ki, boşqabı sakitcə alıb qarşıma qoydum. Sonra boşqabı Tezerə uzatdı.

Məndən daha düşüncəli olan bacım boşqabı götürüb Atatürkün qarşısına qoydu. Mənimlə üzbəüz oturan atamın gözlərindən şimşəklər çaxırdı. Yemək xoş keçdi. Qapıdan çıxmaq istəyəndə Lətifə xanım:

– Evdə çəkəcəyin var, atan sənə çox hirsləndi, – dedi və güldü. Anamla atam hirslərini tökmək üçün evə qədər gözləmədilər.

Qayıdanda Atatürkün bizi evə aparmaq üçün verdiyi avtomobilə minər-minməz atam:

– Hüquq fakültəsini bitirmisən, amma adam olmamısan. Dünyanın ən böyük insanlarından biri sənə xidmət edir, sən də alırsan, dedi.

Çox sakit səslə:

– Nə edim, mən də hüquq fakültəsini bitirən ilk türk qızıyam, – dedim. Atam hiddətlə:

– Bitirdin, hə, nə oldu? – dedi.

Bu sözün mənasını indi çox yaxşı anlayıram”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr