Kamal Kılıçdaroğlunun tələbi ilə partiyanın keçmiş sədri Özgür Özel və tərəfdarları CHP mərkəzi qərargahından çıxarılıb.
Bu barədə Türkiyə bürosu xəbər verir.
***
saat 15.56
Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradakı baş qərargahı ətrafında gərginlik davam edir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, çevik polis qüvvələri baş qərargahın boşaldılması üçün binaya daxil olub.
Qeyd edək ki, məhkəmə qərarı ilə yenidən CHP-nin sədri postuna bərpa olunan Kamal Kılıçdaroğlu ipartiya üzvlərinin polisə müqavimət göstərməməsini və binanın yeni heyətə təhvil verilməsini tələb edib. Keçmiş sədr Özgür Özel və tərəfdarları isə binanı tərk etməyəcəklərini bildirib.
***
saat 12.35
Məhkəmə qərarı ilə yenidən Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə bərpa olunan Kamal Kılıçdaroğlu partiyanın mərkəzi qərargahının binasının boşaldılmasını tələb edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bununla bağlı Kamal Kılıçdaroğlunun vəkili tərəfindən Ankara Valiliyinə müraciət ünvanlanıb.
Müraciətdən sonra valilik tərəfindən binanın boşaldılması ilə bağlı müvafiq təlimat verilib.
Keçmiş rəhbərliyin binadan çıxarılması məqsədilə CHP mərkəzi qərargahının qarşısına polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, mayın 21-i Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayının nəticələri məhkəmə qərarı ilə ləğv olunub.
Qərara əsasən, CHP sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, partiyanın sabiq lideri Kamal Kılıçdaroğlu isə yekun qərar qəbul edilənədək müvəqqəti olaraq sədr postuna bərpa edilib.