AZ

ABŞ-nin İrandakı əsas düşməni: İnterpol onu hər yerdə AXTARIR - FOTO

ABŞ ilə danışıqların taleyinə, Yaxın Şərqdəki müharibəyə və ümumilikdə Tehranın xarici siyasi kursuna ciddi təsir göstərən İran hakimiyyətinin əsas simalarından biri İnterpol tərəfindən axtarışa verilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahididir.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ekspertlərin rəyinə istinadən məlumat yayıb.

İsrail hərbi kəşfiyyatının İran üzrə keçmiş idarə rəhbəri Denni Sitrinoviç telekanala açıqlamasında Vahidini Tehran elitasının “son dərəcə nüfuzlu və radikal” nümayəndəsi kimi xarakterizə edib:

"Onunla müzakirə aparmadan hər hansı bir məsələdə razılığa gəlmək qeyri-mümkündür. O, "Əgər istədiyimizi almasaq və Tramp müharibəyə qayıtmaq istəsə, buyursun" deyən şəxslərdəndir. Onun dünyagörüşünü SEPAH formalaşdırıb".

Ekspertlərin fikrincə, ABŞ və İsrailin İrana qarşı əməliyyatları başlayandan bəri Tehranda qərarları faktiki olaraq 1980–1988-ci illər İran-İraq müharibəsindən sonra yüksələn SEPAH-ın kiçik bir rəhbər qrupu qəbul edir və Vahidi bu qrupda əsas fiqurdur.

Beynəlxalq Böhran Qrupunun İran üzrə layihə direktoru Əli Vaez qeyd edib ki, qərarlar konsensus (ümumi razılıq) əsasında qəbul olunur və Vahidinin bu müzakirələrdə çox güclü səsi var. Onun sözlərinə görə, xüsusilə müharibə dövründə Vahidinin siyasi çəkisi daha da artır.

CNN vurğulayır ki, SEPAH komandanının İranda əsas qərar qəbul edən şəxslərdən birinə çevrilməsi ABŞ və İsrailin ölkə rəhbərliyini zəiflətmək cəhdlərinin Vaşinqtonun tələblərinə boyun əyən bir elita yaratmadığını göstərir. Vahidinin rəhbərliyi altında SEPAH Hörmüz boğazında hərəkəti faktiki olaraq iflic edib və İranın ABŞ ilə danışıqlardakı yeni tələbləri əvvəlkilərdən daha sərtdir.

Mənbələr qeyd edir ki, parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi İranı danışıqlarda rəsmən təmsil etsələr də, Vahidi pərdəarxasından Tehranın ən sərt qərarlarını irəli sürə bilir.

Məlumata görə, Əhməd Vahidi 1994-cü ildə Buenos-Ayresdəki yəhudi icma mərkəzində 85 nəfərin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinərək İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Telekanal onun ABŞ və İran arasında razılığın əldə olunmasına nə dərəcədə ciddi maneə törədəcəyinin hələlik qeyri-müəyyən qaldığını bildirir.

Qeyd edək ki, aprelin sonunda "Reuters" agentliyi SEPAH-ın müharibə şəraitində ali liderin rolunu zəiflədərək İranda hakimiyyəti faktiki olaraq tamamilə ələ keçirdiyi barədə məlumat yayıb. Müharibə dövrü hakimiyyəti Ali Milli Təhlükəsizlik Şurası, ali liderin dəftərxanası və SEPAH-ın daxil olduğu dar bir çevrədə cəmləşdirib ki, burada da hərbi strategiya və əsas siyasi qərarlarda SEPAH dominant rol oynayır.

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr