AZ

Prezidentə təbriklər davam edir -YENİLƏNİB

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İndoneziya Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Dərin və mürəkkəb geosiyasi dəyişikliklərlə səciyyələnən müasir dövrdə Azərbaycan özünü sabitliyin və tərəqqinin mühüm sütunlarından biri kimi uğurla təsdiq etmişdir. Avropa ilə Asiyanın strateji kəsişməsində yerləşən Azərbaycanın təşəbbüskar diplomatiyası, transmilli əlaqələrin inkişafında mühüm rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə ölkənizin müasir beynəlxalq arenada əvəzolunmaz əhəmiyyətini nümayiş etdirir.

İndoneziya Azərbaycanı yalnız dost ölkə kimi deyil, həm də qlobal reallıqların idarə olunmasında mühüm tərəfdaş kimi qiymətləndirir. Ortaq dəyərlərimizi və qarşılıqlı maraqlarımızı nəzərə alaraq, İndoneziya ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinə sadiqdir. Ticarət, enerji və sosial-mədəni əlaqələr kimi əsas sahələrdə yeni əməkdaşlıq imkanlarının genişləndirilməsini səbirsizliklə gözləyirik. Əminəm ki, həm ikitərəfli kontekstdə, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlığımızı davam etdirməklə ölkələrimiz yalnız xalqlarımız üçün daha böyük faydalar yaratmayacaq, eyni zamanda, qlobal sülhə və davamlı inkişafa mühüm töhfələr verəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və davamlı müvəffəqiyyət, Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı səmimiyyətlə çatdırıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram".

***

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İsrail Dövləti və vətəndaşları adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qoy qürur duyduğumuz bu bayram günü dövlətiniz və xalqınız üçün daha bir sülh, rifah ilinin başlanğıcı olsun!

Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və fəal inkişaf edən əlaqələrimiz İsraildə yüksək dəyərləndirilir. Bu, təkcə siyasətlə məhdudlaşmır, xalqlarımız arasında səmimi dostluq münasibətləri də mövcuddur.

Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir və mən açıq, səmimi dialoqumuza böyük dəyər verirəm. İlin əvvəlində Davosda Sizi görmək fürsətini səmimi-qəlbdən qiymətləndirirəm.

Ortaq bölgəmizdə bir çox çətinliklər var və Azərbaycan ilə İsrail bu mürəkkəb mühitdə sabitliyin iki lövbəri rolunu oynayır. Bundan başqa, mən qəti şəkildə inanıram ki, sıx, ikitərəfli əlaqələrimiz Avrasiyada bir çox digər iştirakçılara müsbət təsir göstərir.

Bu baxımdan, iqtisadi əməkdaşlığımızda, xüsusilə də enerji sahəsində nail olduğumuz əhəmiyyətli irəliləyişlər barədə məlumat əldə etməkdən çox məmnun oldum. Ümid edirəm ki, əlaqələrimiz növbəti ildə də möhkəmlənməyə davam edəcək.

Qoy qarşıdan gələn il böyük Azərbaycan dövləti və onun xalqı üçün davamlı uğurlar və tərəqqi ili olsun!"

Seçilən
24
2
redaktor.az

3Mənbələr