Doğma klubu “Rosario Sentral”a qayıtmış 37 yaşlı argentinalı sağ cinah hücumçusu Anxel Di Mariyanın illər sonrakı debütü qara gəlib.
Arena.az məlumat verir ki, veteran hücumçu Argentina çempionatının “Qodoy-Krus”la ev oyununda (1:1) zədələnərək, xəstəxanalıq olub.
Oyunun 79-cu dəqiqəsində penalti zərbəsi ilə komandasını hesabda önə çıxarmış Di Mariya onca dəqiqə sonra rəqib oyunçunun arxadan ayağına sərt zərbəsi nəticəsində ağrılar içində ot örtüyü üzərinə sərilib. Veteran futbolçu meydanı sərbəst tərk edə bilməyib, Di Mariyanı xərəkdə meydanadan çıxarıblar. “Qodoy-Krus” isə oyunun 90+5-ci dəqiqəsindən vurduğu qolla səfər heç-heçəsini təmin edib.
Oyundan sonra Di Mariya ayaq üstə gözə dəysə də, futbolçunun xəstəxanada tibbi müayinədən keçəcəyi məlum olub. Belə ki, veteran hücumçu mümkün fəsadlara yol açacaq zədədən sığortalanmalıdır.
Xatırladaq ki, Anxel Di Mariya 2023-cü ilin yayından “Benfika”da çıxış edirdi. Di Mariya 2007-2010-cu illər aralığında da Lissabon klubunun uğurları üçün çalışıb. Argentinalı hücumçu “Rosario Sentral”la 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış mövsümdə Anxel Di Mariya “Benfika” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Di Mariyanın “Benfika”nın heyətində çıxışının ümumi mənzərəsi 212 oyun, 47 qol və 53 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli futbolçu karyerası ərzində “Yuventus”, PSJ, “Mançester Yunayted”, “Real” və “Rosario Sentral”da çıxış edib.
Anxel Di Mariya 2008-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətndə 145 oyuna çıxıb, 31 qol və 32 məhsuldar ötürmə ilə fərqlənib. Di Mariya “albiseleste” ilə 2024-cü ildə Qətərdə keçirilmiş dünya çempionatının, Amerika Kubokunun (2021, 2024), 2008-ci Pekin Olimpiya futbol yarışının, Avropa və Cənubi Amerika çempionları arasında “Finalissima” oyununun qalibi olub. Di Mariya bu il yığma komandanın heəytində çıxışına xitam verdiyini açıqlayıb.
“Transfermarkt” internet-portalı 37 yaşlı veteran hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
