AZ

Belə yerlərdə suya girməyin, ciddi təhlükə var - RƏSMİ

BAKI, 14 iyul. TELEQRAF

Çimərlik mövsümü özüylə ciddi bir problem gətirir: sudabatma halları. Bu il çimərliklərdə vəziyyət necədir? Sudabatma, ölüm halları qeydə alınıbmı?

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.

Onun sözlərinə görə, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq hələ də bəzi vətəndaşlar, xüsusən uşaq və yeniyetmələr tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərindən, habelə bölgələrdəki süni göllər, suvarma kanalları, su arxları, çaylar və digər çimərlik olmayan su tutarlarından istifadə hallarına rast gəlinir.

“Bu da acı nəticələrə səbəb olur. Son bir ay ərzində bu kimi su hövzələrində 11 sudabatma hadisəsi qeydə alınıb.

Nəzarətsiz qeyri-çimərlik əraziləri, o cümlədən bölgələrdəki suvarma kanalları, çaylar, su arxları mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, eyni zamanda digər təhlükəli xüsusiyyətlərə malik olması bu hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir”.

Nazirlik bununla bağlı əhaliyə çağırış da edib:

“Xüsusən valideynlərə müraciət edirik ki, nəzarətsiz qeyri-çimərlik ərazilərdən istifadə etməsinlər, uşaq və yeniyetmələri nəzarətsiz qoymasınlar".

Bu il 9 nəfər xilas edilib

Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çimərlik mövsümündə 6, ümumi isə il ərzində 9 nəfər sudabatma təhlükəsindən xilas edilib. Xidmətin nəzarət etdiyi ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.

FHN rəsmisi qeyd edib ki, xilasedicilərin xidmət etdiyi çimərliklərdən istifadə etmək lazımdır.

“Çimərliklərdə xidmət aparan xilasedicilərin tələb və göstərişlərinə, eyni zamanda ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə əməl edilməlidir”.

A.Əlilinin sözlərinə görə, çimərliklərdə vaxt keçirmək üçün günün saatları da olduqca önəmlidir.

"Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərlikdə suya girmək qadağandır. Hava qaralandan sonra suya girmək təhlükəlidir.

Spirtli içki qəbul edib sərxoş halda suya girmək, üzmə sərhəddini müəyyən edən nişanları ötüb keçmək, suda kobud hərəkət etmək, xilasetmə texnika və vasitələrindən başqa digər su nəqliyyatı vasitəsilə çimərlik ərazilərinə girmək qadağandır. 13 yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, nəzarətsiz qoyulmamalıdır”, - o, bildirib.

Seçilən
94
teleqraf.com

1Mənbələr