İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Süveyda şəhərində vəziyyətin gərginləşməsi fonunda suriyalı druzlara humanitar yardım paketinin göndərilməsi barədə göstəriş verib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, bu qərar Əs-Süveydada druzlara qarşı son hücumlar və bölgədəki ciddi humanitar vəziyyətə uyğun olaraq qəbul edilib.
Nazirlikdən bildirilib ki, yardım paketinin ümumi dəyəri 2 milyon şekel (indiki məzənnə ilə 600 min dollar) təşkil edəcək. Buraya, xüsusilə, qida paketləri, tibbi avadanlıqlar, ilk yardım dəstləri və dərmanlar daxil olacaq. Maliyyələşdirmə İsrail XİN-in büdcəsindən təmin edilir.
Xatırladaq ki, Suriyanın cənubunda vəziyyət iyulun 13-də Əs-Süveyda əyalətində üsyançılar və dağ druzlarının özünümüdafiə qüvvələri arasında toqquşmaların başlaması ilə gərginləşib. İyulun 15-də Suriya ordusu əyalətin mərkəzinə daxil olaraq vəziyyəti sabitləşdirmək üçün əməliyyata başlayıb.
Qeyd edək ki, druzlar xüsusi ərəbdilli etnokonfessional qrupdur. Onların nümayəndələri Suriya, Livan, İsrail və İordaniyada yaşayır.