Bakıda narkotik tərkibli bitkilərin istixana şəraitində yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb.
Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.