"22 iyul - Milli Mətbuat Günü Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir".
Bu sözləri Milli Məclisin deputatı Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, 1875-ci ildə görkəmi ədibimiz Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti milli şüurun formalaşmasında müstəsna xidmətlər göstərib:
"Təsadüfi deyil ki, müasir Azərbaycan mətbuatı məhz bu illər ərzində "Əkinçi" qəzetinin bəyan etdiyi ideyaları və prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçib. Ötən əsrdə fəaliyyətə başlayan çoxsaylı nəşrlər tariximizin güzgüsü olub, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verib".
Millət vəkili qeyd edib ki, bu yol o qədər də asan olmayıb: "Sovet imperiyası dövründə milli mətbuatımız dövlət senzurasına məruz qalıb və mərkəzi hakimiyyətin ciddi nəzarətində olub. Məhz Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub, azadlıq nidaları yüksəlməyə başlayıb.
Ümumilli Lider Heydər Əliyev hər zaman mətbuatın fəaliyyətini yüksək qiymətləndirərək onu cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirirdi. O, mətbuatı xalqla dövlət arasında körpü rolunu oynayan və ictimai fikiri formalaşdıran mühüm bir institut kimi qiymətləndirirdi".
Deputat vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mətbuat üzərindəki senzura aradan qaldırıldı və söz azadlığının təmin edilməsi istiqamətində mühüm addımlar atıldı:
"Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə mətbuat üzərində dövlət nəzarətini simvolizə edən senzuranın ləğvi isə tarixi hadisə idi. Çünki bu, yalnız ölkəmizdə deyil, bütövlükdə regionda mətbuat azadlığının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edirdi".
Günay Ağamalı diqqətə çatdırıb ki, Ümummilli Liderin parlaq siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafına, ümumilikdə dövlətin informasiya siyasətinin təkmilləşməsinə xüsusi diqqət ayırır:
"Onun rəhbərliyi ilə media sahəsində davamlı və sistemli islahatlar həyata keçirilir, jurnalistlərin sosial rifahı və peşəkar fəaliyyəti üçün münbit şərait yaradılır. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə media nümayəndələrinə mənzillərin verilməsi, onlara yüksək qayğının göstərilməsi dövlətimizin mətbuata olan səmimi münasibətinin göstəricisidir.
Bu yüksək səviyyəli qayğının nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı əsgərimizin döyüş meydanında qazandığı nailiyyətləri informasiya müstəvisində də uğurla davam etdirdi və informasiya savaşında parlaq zəfər əldə etdi".