Bakı, 20 iyul, AZƏRTAC
Üçüncü Şuşa Qlobal Media Forumu həm regional, həm də beynəlxalq siyasi kontekstdə mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri kimi qiymətləndirilməlidir. Forumun məhz Xankəndidən başlaması, daha sonra Şuşada davam etməsi uzun illər işğal altında qalan şəhərlərimizin artıq sülh, inkişaf və əməkdaşlıq məkanına çevrildiyini bir daha nümayiş etdirdi.
Azərbaycan artıq işğal dövrünün acı səhifələrini arxada qoyub və azad olunmuş ərazilərimiz indi qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi mərkəzlərə çevrilməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ülviyyə Zülfiqar söyləyib.
Onun sözlərinə görə, tədbirdə 50-dən çox ölkədən 100-dən artıq media nümayəndəsinin iştirakı ilə informasiya təhlükəsizliyi, media azadlığı, regional sabitlik və müasir media trendləri müzakirə edilir. Forumun açılışında Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi ifadələr isə, Azərbaycan xarici siyasətinin əsas prioritetlərini, prinsipial mövqeyini və gələcək strateji hədəflərini açıq və aydın şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı yerli və xarici jurnalistlərin bütün suallarını səmimi şəkildə cavablandıraraq həm daxili şəffaflığı, həm də ölkəmizin beynəlxalq ictimaiyyətlə açıq dialoqda olduğunu bir daha sübut etdi.
Forumda iştirak edən xarici jurnalistlər və ekspertlər, Azərbaycanın regionda artan nüfuzunu, xüsusən də Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi düzəndə tutduğu lider mövqeyi yerindəcə izləmək və qiymətləndirmək imkanı qazandılar. Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin real nəticələrini öz gözləri ilə görərək, Azərbaycanın post-münaqişə dövründə hansı sürətlə və ardıcıllıqla inkişaf etdiyinin bir daha şahid oldular.
Azərbaycan bu forum vasitəsilə beynəlxalq ictimaiyyətə açıq və aydın şəkildə mesaj verdi: bu torpaqlarda müharibənin yerini indi sülh və inkişaf alıb və bu ərazilər qlobal dialoq üçün bir platformaya çevrilməkdədir.