"Zəngəzur dəhlizi açılsa, Çinlə Avropa arasında yük daşımalarının vaxtı 40 faizədək qısala bilər..."
Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda imzalana biləcək sülh sazişi regionda nəqliyyat mənzərəsini dəyişə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "exlusive.kz" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu razılaşma ilə Zəngəzur dəhlizi açılsa, Çinlə Avropa arasında yük daşımalarının vaxtı 40 faizədək qısala bilər. Dəhlizin açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) - Orta Dəhlizin effektivliyini ciddi şəkildə artıracaq.
Zəngəzurun strateji əhəmiyyəti
Söhbət Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək, Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən təxminən 40 kilometrlik dəmir və avtomobil yolundan gedir. Hazırda bu əlaqə yalnız hava ilə və ya İran üzərindən mümkündür. Sovet dövründə mövcud olan quru əlaqə Qarabağ münaqişəsi səbəbilə 90-cı illərdə kəsilib. Azərbaycan 2020 və 2023-cü illərdə keçirdiyi hərbi əməliyyatlarla separatçı qurumun varlığına son qoydu. 2024-cü ilin əvvəlindən Qarabağda qanunsuz rejim tam ləğv olundu. Bu hadisələr Zəngəzur dəhlizinin aktuallığını daha da artırdı.
Böyük oyunçular: kim nə istəyir?
Bakı dəhlizin açılmasını qaçılmaz sayır və onun gömrüksüz, maneəsiz işləməsində israrlıdır. Ermənistan isə bu dəhlizin Zəngəzur bölgəsini İrandan ayıracağından və suverenliyini itirəcəyindən narahatdır. Rəsmi İrəvan "Sülh kəsişməsi" adlı alternativ təklif irəli sürür - bu layihədə bütün nəqliyyat və enerji infrastrukturuna məhz yerləşdiyi ölkənin suverenliyi tətbiq olunmalıdır. İran da Zəngəzura qarşıdır. Tehran bu dəhlizi həm regional təsirinə, həm də tranzit mövqeyinə təhlükə sayır. Yeni yolun açılması ilə İran 20-30 faiz tranzit yüklərini itirə bilər. Alternativ olaraq, İran Arazboyu dəhlizi təklif edir.
Qərb və ABŞ-ın maraqları
ABŞ və Avropa İttifaqı bu dəhlizi dəstəkləyir. ABŞ Zəngəzuru yüzillik icarəyə götürmək üçün özəl şirkət vasitəsilə idarə etməyi təklif edir - bu, Panama kanalının modelinə bənzərdir. Məqsəd Avropanın enerji asılığını Rusiyadan azaltmaq və bölgədə Moskva, Pekin, Tehran üçlüyünün təsirini zəiflətməkdir. Ermənistanın da Avropa ilə inteqrasiyası sürətlənib: ölkə bu il Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul edib və ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
İqtisadi perspektivlər
Zəngəzur dəhlizi illik 50-100 milyard dollarlıq ticarət dövriyyəsi yarada bilər. Azərbaycanın qeyri-neft ixracı 700 milyon dollar artar, ÜDM isə 2 faiz yüksələr. Ermənistan isə dəhlizin açılması və regional kommunikasiyaların bərpası nəticəsində iki il ərzində ÜDM-ni 30 faiz artırmağı hədəfləyir. Türkiyə bu layihədən illik 15 milyard dollara qədər tranzit gəliri gözləyir. Şərqi Anadoludakı ixrac potensialının 3 dəfə artacağı proqnozlaşdırılır. Çin isə layihənin iqtisadi potensialını dəstəkləsə də, ABŞ-ın nəzarəti onu narahat edir.
Ən böyük əngəl suverenlik və güvəndir
Hazırkı maneə - Azərbaycanın gömrüksüz dəhliz tələbi ilə Ermənistanın suverenlik qorxusu arasında qalan danışıqlardır. ABŞ-ın "icarə" təklifi bu böhrandan çıxış yolu kimi təqdim olunur: təhlükəsizlik zəmanəti verilir, amma nominal suverenlik qorunur. 2025-ci ilin martında tərəflər qarşılıqlı ərazi tanınması, sərhədin müəyyənləşdirilməsi və gücdən istifadə edilməməsi kimi mühüm məsələlərdə razılığa yaxın olsalar da, məhz nəqliyyat təminatları üzərində danışıqlar dalana dirənib.
Qarşıdakı sınaq
İrəliləyiş olmasa, Ermənistanın qarşıdan gələn seçkilərində Paşinyanın şansları azala bilər. Bu isə revanşist qüvvələrin hakimiyyətə gəlişi və yeni qarşıdurma riskini artırar. Türkiyə və Azərbaycan isə sülhün şərtsiz imzalanmasını zəruri sayır. Rusiyanın regiondakı nüfuzu azalır və ekspertlər ehtiyat edir ki, Moskva sülh sazişini pozmaq üçün Ermənistanda çevrilişə cəhd edə bilər. TBNM-nin ümumi uzunluğu 11 min kilometrdir və Rusiya ərazisinə daxil olmadan Çindən Avropaya çıxışı təmin edir. Zəngəzur dəhlizi bu marşrutun daha da qısalmasına və strateji əhəmiyyətinin artmasına səbəb ola bilər.