AZ

İkinci əl avtomobil aldığınız zaman bunlara diqqət edin: Mütəxəssisdən alıcılara XƏBƏRDARLIQ FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

İkinci əl avtomobil almaq qərarına gəlmisinizsə, bu zaman diqqətli olmaq çox vacibdir. Çünki texniki nasazlıqlar, qəzalı keçmiş və ya sənədlərdəki qeyri-dəqiqliklər sonradan ciddi problemlərə səbəb ola bilər. Avtomobilin görünüşü nə qədər cazibədar olsa da, onun texniki və hüquqi vəziyyəti daha önəmlidir. Bu səbəbdən alıcılar həm vizual, həm də mexaniki baxış keçirməli, mümkün olduqda peşəkar ustanın rəyini almalıdırlar.

Bəs ikinci əl avtomobil aldığımız zaman ən çox nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı baş mexanik Elməddin Novruzov Avtosfer.az-a açıqlamasında bildirib ki, İlk növbədə, ikinci əl avtomobil alanda, sənədlərinə baxmaq lazımdır:

“Vacib şərtdir ki, maşını alan adam avtomobili öz adına keçirməlidir. Ən vacib məqamlardan biri budur ki, maşının sənədləri qaydasında olsun.

Mühərrikin nömrəsi qeydiyyat şəhadətnaməsi ilə uyğun gəlməlidir. Çünki son vaxtlar bu məsələ ilə bağlı böyük problemlər yaşanır. Ona görə bu, çox vacib məsələdir.

İkinci məsələ avtomobilin yürüş məsafəsidir. İlk növbədə yürüş kilometrajına baxmaq lazımdır ki, avtomobil nə qədər yol qət edib. Bu yürüşə əsasən də avtomobilin texniki vəziyyəti, ömrü, necə istifadə olunduğu və harada sürüldüyünü bilmək olur. Bunlar vacib şərtlərdəndir.

Amma yürüş məsafəsini də saxtalaşdırırlar, yəni kilometrajı geri çəkirlər, xüsusilə qeyri-qanuni yolla. Geri çəkəndən sonra maşın “cavan” görünür, alan şəxs də baxır ki, kilometraj azdır və düşünür ki, buna görə də avtomobilə ətraflı baxmağa ehtiyac yoxdur. Ən vacib məsələlərdən biri də mühərrik və sürətlər qutusudur”.

Elməddin Novruzov əlavə olaraq qeyd edib ki, bunları mütləq mütəxəssisə göstərmək lazımdır:

“İkinci dərəcəli məsələ deyil, insanlar 10 min, 18 min, 20 min, 30 min, 40 min manat verib avtomobil alırlar. Alıcılar bəzən ustaya göstərməkdə xəsislik edirlər, 80-100 manat verib ümumi texniki baxış etdirmirlər və bu da sonradan baha başa gəlir.

Mən düşünürəm ki, hər kəs ikinci əl avtomobil alanda mütləq mütəxəssislərə göstərməlidir. Dəmirçiyə, rəngsaza, çilingərə, mühərrik ustasına, sürətlər qutusu ustasına, elektrikə göstərilməlidir. Çox vaxt avtomobillərə əlavə avadanlıqlar quraşdırılır. Siqnal, zavod istehsalı olmayan işıqlar, elektron qurğular və bu da bəzən problemə və hətta yanğına səbəb ola bilər.

Ona görə elektrik naqillərinə yüksək səviyyədə baxmaq lazımdır, hər hansı naqilin keyfiyyətsizliyi, boşluq varsa, maşında yanğına səbəb ola bilər. Təkərlərə də diqqət yetirmək lazımdır, əgər keyfiyyətsizdirsə, onların dəyişdirilməsi vacibdir. Benzin mühərrikləri ilə dizel mühərrikləri fərqlidir. Məsələn, benzin mühərriklərində yanacaq sisteminə, yanacaq filtrlərinə, hava filtrinə, soyutma sisteminə, kondisioner sisteminə baxılmalıdır.

Bunlar çox vacib məqamlardır. Çünki nasaz olduqda, alıcı düşünür ki, xırda məsələdir, amma sonradan böyük problemlər çıxır. Dizel mühərriklərdə isə əsas diqqət yanacaq filtrinə və forsunkalara yönəldilməlidir. Ən vacib məsələ yanacaq sistemidir. Forsunkalar, filtrlər vacibdir və motor yağı tam sintetik olmalıdır. Mühərrikin tövsiyə olunan yağı istifadə olunmalıdır ki, motorun daxili təmiz qalsın və problem yaranmasın. Mühərriki qoruyan əsas sistem yağ sistemidir.

Yağ orijinal və təmiz olduqda mühərrikin ömrü uzanır. Ən vacib məsələlərdən biri də yağın keyfiyyətidir. Şassiyə də baxmaq lazımdır, sürücü dili ilə desək, lonjeronlara, "bokovin"lərə, damına baxılmalıdır.

Yaxşı olar ki, zərbəsiz avtomobil alınsın. Ən vacib məsələlərdən biri də budur ki, maşını alarkən onun “airbag” sisteminə baxmaq lazımdır. Əgər təhlükəsizlik yastığı açılıbsa, həmin avtomobili almasınlar”.

Baş mexanikin fikrincə, nə qədər peşəkar usta olsa belə, dünyanın heç bir yerində heç bir mütəxəssis zavod səviyyəsində onu əvvəlki vəziyyətə qaytara bilmir:

“Kim deyirsə ki, zərər görmüş lonjeronu zavod səviyyəsində bərpa edirəm – yalandır. O aparat yalnız zavodda olur, hansı ki, sıfır nöqtəsini tam şəkildə bərpa edə bilir. Heç bir usta, stend və ya əl ilə bu işi dəqiq görə bilmir.

Yaxşı olar ki, zərbəsiz avtomobil alınsın. Çünki çox vaxt maşınların damını elə rəngləyirlər ki, xaricdə bu cür rənglədib gətirirlər, burada yoxlama aparatı belə rəngi aşkarlamır. Doğrudur, biz mütəxəssislər bu cür halları gözlə görürük, amma alıcılara tövsiyəmiz odur ki, maşını almazdan əvvəl mütləq mütəxəssislərə müraciət etsinlər ki, sonradan problemlə üzləşməsinlər”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr