AZ

Tarix yazılır, gözlər Vaşinqtonda – Rusiya və İranın reaksiyası necə olacaq?

Bu gün dünya və region tarixi hadisəyə şahidlik edir. ABŞ Prezidenti Donald Trampın verdiyi məlumata əsasən, Azərbaycan və Ermənistan liderləri Ağ Evdə sülh sazişi imzalayacaqlar. Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin normallaşdırılması deyil, həm də uzun illərdir davam edən münaqişənin diplomatik yolla həllinə atılmış ciddi addım kimi qiymətləndirilir. Bununla yanaşı, 907-ci düzəlişin icrasının dayandırılması barədə qərarın da eyni gündə açıqlanması Vaşinqtonun regional siyasətdə daha fəal oyunçuya çevrilmək niyyətindən xəbər verir. Lakin yaranan yeni vəziyyət Cənubi Qafqazda maraqları olan böyük güclərin, xüsusilə Rusiya və İranın reaksiyasız ötüşə bilməyəcəyi bir hadisədir. Rusiyanın bölgədəki ənənəvi rolunun zəifləməsi, İranın isə təhlükəsizlik və iqtisadi narahatlıqları fonunda yeni reallıqlara necə reaksiya verəcəyi sual doğurur.
 
Bu barədə Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov deyib ki, Ağ Evdə Tramp vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı xəbəri həqiqətən də sürpriz xəbər oldu. Onun sözlərinə görə, əslində bunu kimsə gözləmirdi. Əvvəlcə sülh müqaviləsi öncəsi niyyət protokolu kimi bir sənəddən söhbət gedirdi:
 
 “Çünki Azərbaycanın Ermənistanın konstitusiya dəyişikliyi tələbi  məsələsi hələ açıq qalırdı. Görünən odur ki, Azərbaycan rəhbəri bu məsələdə ABŞ-dan ciddi qarantiya alıb ki, sülh sazişinə imza atacaq. Təbii ki, bunu günün sonunda daha dəqiq görəcəyik. 907-ci düzəlişin icrasının dayandırılması məsələsi əvvəllər də olub. Amma ABŞ prezidentləri bu məsələdən Azərbaycan haqqında manipulyasiya kimi istifadə ediblər. Ümid edirik ki, 907-ci düzəlişin dayandırılmasının anlaşılmasını günün sonunda onun ləğv edilməsi şəklində görəcəyik. 
ABŞ-da bir tarix yaşanacağı mütləqdir. Bu, bir-biri ilə iki əsrdən çox açıq-gizli qarşıdurma və müharibə vəziyyətində olan Azərbaycan və Erməni xalqlarının nəhayət sülh sazişi ilə aralarındakı ədavəti bitirərək sivil yola qədəm qoyduğu bir tarixi günün bəyan edilməsi olacaq. Buna sevinənlər və kədərlənənlər çox olacaq. Lakin nəticənin iki xalqın gələcəyində böyük rol oynadığını nəzərə alsaq buna dəyər”.
 
Politoloq hesab edir ki,  Rusiyanın Cənubi Qafqaz regionunda bu sülhdən narahat olması ehtimalı yoxdur. Məsələ ondadır ki, Rusiya da yaxşı bilir ki, bu regionun ölkələri Rusiya ilə elə əlaqələrlə bağlıdır ki, bu bağlar heç vaxt qırılma nöqtəsinə gələ bilməz. Çünki coğrafiya bir taledir və bundan uzaqlaşmaq olmaz. Rusiyanın da bu sülhü dəstəkləyəcəyinə əminəm, eləcə də İranın. Əvvəla İranın öz təhlükəsizlik maraqları tək Cənubi Qafqaz regionundan deyil, qonşu olduğu digər regionlarından daha çox təhlükədədir:
 
 “Bunu İsraillə müharibədə gördük. Əslində Azərbaycan və Ermənistan tərəfdən İrana heç bir təhlükə yoxdur. Zəngəzur dəhlizinin açılması isə İranın narahat olduğu Avropaya çıxışını daha da asanlaşdıracaq. İran Naxçıvan ərazisindən keçəcək Türkiyəyə gedən komunikasiyalara qoşula biləcək.  Bunu Türkiyənin həmin marşrutun keçdiyi müvafiq ərazilərindən də edə biləcək. Seçim İranın olacaq. Göründüyü kimi Azərbaycan və Ermənistan arasında sülh bütün region ölkələri üçün yeni üfüqlər açacaq. Hesab edirəm ki, Rusiya və İran bu üfüqlərfən layiqincə yararlanmaq üçün konstruktiv addımlar atacaq”.
 
Seçilən
27
50
moderator.az

10Mənbələr