AZ

Azərbaycan-ABŞ əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təminatıdır - ŞƏRH

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan-Ermənistan sülh prosesinin tənzimlənməsi istiqamətində keçirilən danışıqların ABŞ-da baş tutması mühüm siyasi və diplomatik əhəmiyyət kəsb edir. ABŞ kimi demokratik ənənələri olan və beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan bir dövlətin bu prosesə xüsusi diqqət yetirməsi, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin və tarixi ədalətin bərpasının beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev bildirib.

Onun sözlərinə görə, ABŞ-da keçirilən görüşlər çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülhə dair sənədlərlə yanaşı, müxtəlif istiqamətləri əhatə edən ikitərəfli sənədlərin də imzalanması qeyd olunan əməkdaşlığın praktiki təzahürüdür. ABŞ hər dövlətlə bu qədər ciddi ikitərəfli sənədlər imzalamır. Bu prosesdə ABŞ-ın fəal rolu Azərbaycanın daxili və xarici siyasətini, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik fəaliyyətini dəstəklədiyini və ABŞ-ın mühüm strateji tərəfdaş olduğunu təsdiqləyir.

“Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin nəticəsidir ki, belə mühüm sənədlər imzalanır. Bu sənədlər regionda sülhün və sabitliyin təmin olunması, Azərbaycan ərazilərinin inteqrasiyası və kommunikasiyaların açılması kimi strateji məsələləri də əhatə edir. Xüsusilə, Zəngəzur dəhlizinə dair razılaşmalar, Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında fasiləsiz bağlantının yaradılması baxımından əhəmiyyətlidir. Sözügedən layihələr, eyni zamanda, TRİO platforması çərçivəsində regional əməkdaşlığın genişlənməsinə də xidmət edir. Eyni zamanda, Prezident İlham Əliyev beynəlxalq münasibətləri dərindən bilən lider kimi regionda sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, həmçinin qlobal səviyyədə təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Qeyd edilməlidir ki, uzun müddət ərzində bəzi dairələr tərəfindən Azərbaycana qarşı tənqidi yanaşmalar mövcud olmuşdur. Lakin son proseslər göstərir ki, ABŞ Azərbaycanı regionda əsas tərəfdaşlardan biri kimi qiymətləndirir və onunla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”, - deyə hüquqşünas vurğulayıb.

Əmir Əliyev, həmçinin qeyd edib ki, ABŞ tərəfindən sülh təşəbbüslərinin dəstəklənməsi və Ermənistanın beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırılması mühüm əhəmiyyət daşıyır. Ermənistanın bu çağırışlara məhəl qoymaması və konstitusiya səviyyəsində hüquqi ziddiyyətlərin saxlanılması onun beynəlxalq öhdəliklərə münasibətində qeyri-ciddilik kimi qiymətləndirilə bilər: “Sülh müqaviləsinin imzalanması istiqamətində Ermənistan qarşısında mühüm öhdəliklər qoyulub. Bu öhdəliklərdən biri də Ermənistan Konstitusiyasında sülh müqaviləsinin ruhuna və beynəlxalq hüququn normalarına zidd olan müddəaların aradan qaldırılmasıdır. Ermənistanın müstəqillik aktına istinad edilərək formalaşdırılmış bu müddəalar beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, regionda sülhün bərqərar olunmasına da əngəl yaradır. Məhz bu səbəbdən Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin aparılması sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi çıxış edir. Əks təqdirdə, bu, gələcək danışıqların davam etdirilməsi üçün ciddi maneə yarada bilər.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistanın qarşısında dayanan əsas vəzifələrdən biri konstitusiya səviyyəsində sülh prosesinə zidd müddəaların aradan qaldırılmasıdır. Bu müddəalar beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental normalara ziddir. Beləliklə, Ermənistanın mövcud konstitusiya müddəalarını beynəlxalq hüquqa uyğunlaşdırması sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biridir”.

 

Seçilən
125
50
azertag.az

10Mənbələr