ain.az, Oxu.az saytına istinadən bildirir.
Təhməz Əsədov yazır...
Son dönəmlər rəsmi Moskvanın Bakıya qarşı münasibətlərindəki kəskin mövqe nəzərəçarpacaq dərəcədə artıb. Bu nüans, xüsusilə də avqustun 8-də Vaşinqtonda ABŞ lideri Donald Trampın təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində imzalanan vacib sənədlərdən sonra özünü daha çox büruzə verməyə başlayıb. İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın Azərbaycan-Ermənistan münasibətləri, ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab ediləcək Birgə Bəyannaməni imzalamasının fakt qarşısında qalan arqumentsiz Moskvanı hiddətləndirəcəyi əvvəlcədən məlum idi.
Rusiyanın Azərbaycan və Ermənistan arasında Vaşinqtonda ABŞ liderinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları və ondan irəli gələn öhdəlikləri sabotaj etmək üçün müxtəlif vasitələrə əl atacağını, bəlkə də, ən yaxşı rəsmi Bakı bilirdi. Lakin İlham Əliyev sülh və sabitlik yolunda çıxılan bu keşməkeşli yolda geri addım atmaq barədə düşünmədiyini, bir addım da geri çəkilməyəcəyini hər açıqlamasında, hər müsahibədə açıq bəyan edirdi.
Nəzərə alsaq ki, bəyannamə, eyni zamanda, rəsmi Bakının sülh sazişinə dair irəli sürdüyü bütün tələblərinin qəbul edilməsi deməkdir, o zaman Rusiya Azərbaycanın Ermənistanla heç zaman arzulamadığı bu sazişə yaxın gələcəkdə şahidlik edəcəyindən artıq indidən narahatdır. Çünki Şimalda uzun illərdir belə bir fikir hökm sürür ki, əgər Bakı və İrəvan arasında sülh bərqərar olarsa, regionda Rusiyanın təsir imkanları bir xeyli azalacaq və rıçaqlar əlindən çıxacaq. Amma görünür, Moskva bu gün qeyd edilən məsələdən yox, məhz ABŞ-nin Azərbaycan ilə yeni Müttəfiqlik Bəyannaməsini ön plana çəkərək, regionda NATO bazalarının qurulacağı ilə bağlı dezinformasiyaya xüsusi yer verməklə Azərbaycana qarşı cəbhə açmağı məqbul hesab edir.
Belə olmasaydı...
Bu səbəbdən Rusiya təbliğatında Azərbaycana qarşı kəskin ritorika dəyişikliyinin bundan sonra da artacağı istisna edilmir. Anti-Azərbaycan isteriyasını artırmaq üçün Kreml əsas spikerlərini yenidən meydana atıb. Rusiya bu gün regionda baş verən tarixi proseslər və dəyişikliklərə görə günah keçisi axtarmağa başlayıb. Şimal qonşumuzun Bakıya qarşı düşmənçilik siyasəti - təyyarənin vurulması, Yekaterinburq hadisələri, Ukraynada Azərbaycana məxsus enerji infrastrukturunun hədəfə götürülməsi, anti-Azərbaycan kampaniyası və təhqiramiz yazılar dövlətlərarası vəziyyəti bir xeyli gərginləşdirdiyi bir zamanda Moskva bu ritorikanı daha da kəskinləşdirməkdə maraqlı görünür.
Belə olmasaydı, Rusiya ordusu Kremlin təlimatı ilə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf almazdı. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaqdoldurma məntəqəsinə raket zərbələri endirdilər. Bununla Kreml Azərbaycanla, onsuz da, gərgin olan münasibətləri daha da gərginləşdirdi. Belə bir vəziyyətdə Vaşinqton razılaşmaları Rusiyanın əlində Azərbaycana qarşı zəhərini tökməsi üçün sanki göydəndüşmə fürsət oldu.
Kremlin təlxəyi - teleaparıcı Vladimir Solovyov İlham Əliyev və Nikol Paşinyanın Vaşinqtondakı razılaşmalarından dərhal sonra təşvişə səbəb olacaq açıqlamaları ilə diqqət mərkəzinə düşüb. O, Xəzərdə NATO bazasının yaradılacağı barədə əsassız fikirlər səsləndirərək, Azərbaycana "xüsusi hərbi əməliyyat"la hədə-qorxu gəlmək istədi. Solovyov bütün bunları öz istəyi, şəxsi təşəbbüsü iləmi edir?! Təbii ki, xeyr! Ağasından aldığı tapşırıq əsasında belə bir çıxış edən aparıcı, əslində, ölkəsinin Azərbaycana qarşı planlaşdırmaq istədiyi növbəti təxribatlara zəmin hazırlamaq üçün bu fikirlərə yer ayırıb.
Rusiya Azərbaycanın 44 günlük müharibə və ondan sonrakı mərhələdə işğala tamamilə son qoyması və müharibədə əldə edilən qələbəni sülhlə taclandıraraq rəsmi Moskvanı regiona təsir imkanlarından məhrum etdiyi üçün şimal qonşumuz hər vəchlə Bakını cəzalandırmağa, bunun əvəzini çıxmağa çalışır. Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf almaqları bunun növbəti bariz sübutudur.
İstisna edilmir ki, Vladimir Solovyov bundan sonra Azərbaycana qarşı nifrət çağırışları etməkdən əl çəkməyəcək. Solovyov faktiki olaraq bu gün özünü jurnalist yox, bir təxribatçı kimi aparır və illərdir ki, bu şakərindən qurtula bilmir. Bir vaxtlar Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər tirajlayan bu şəxs, ölkəsi kimi nə beynəlxalq hüquq, nə də Azərbaycan-Rusiya münasibətlərinin gələcəyini düşünmək niyyətindədir.
Ona manipulyativ bəyanatlar tirajlamasına şərait yaradan Rusiyanın bu cür təlxəklər vasitəsilə ölkəmizin haqlı mövqeyini şübhə altına almaq niyyəti, diplomatik nailiyyətlərimizə kölgə salmaq cəhdləri ara verəcək kimi görünmür. Zaman göstərir ki, tarixi təhrif edənlər unudulur, həqiqətlər isə gec-tez öz yerini tutur. Kreml təbliğatının ruporundan gələn bu gözlənilməz "refleksiya" isə bir daha Moskvada uğursuz güc kampaniyasının nəticələrindən uzaqlaşmağa və günahkar axtarmağa başlandıqlarına ciddi işarədir.
Vaşinqton görüşləri bir daha təsdiq etdi ki, uzun illər Cənubi Qafqazda əsas söz sahiblərindən olan Rusiya Azərbaycanla Ermənistanın sülhə gəlməsində maraqlı olmayan əsas aktor imiş. Tarix sübut edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra rastlaşdığımız problemlərin arxasında Rusiya amili dayanıb. İstər 20 Yanvar, Xocalı faciələri, istərsə də torpaqlarımızın işğalı, Ermənistana dayaq durmaq, onu silahlandırmaq, torpaqlarımızın 30 il işğal altında saxlanmasına şərait yaratmaq kimi proseslərdə Rusiya Azərbaycana qarşı ən böyük maneə idi. Lakin son beş ildə Azərbaycan heç kimin gözləmədiyini reallaşdırdı, regionda yeni bir dövrün əsasını qoydu. İndiki məqamda Azərbaycanın ən böyük tarixini yazdığını demək isə, bir qədər tələskənlik olar. Çünki ardı var...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.