Məlum olduğu kimi, Xankəndi şəhərində keçirilən tədbir zamanı 1967-ci il təvəllüdlü erməni əsilli Avanesyan Karen Albertoviç silahlı təxribat törətməyə cəhd edib.
Bəs Avanesyanın terrora cəhdinin arxasında hansı qüvvələr dayana bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, o, bu təxribatın arxasında müəyyən qüvvələrin dayandığına inanır:
"Bu insan uzun illərdir Xankəndində yaşayır və bir dəfə televiziyaların birinə də müsahibə vermişdi. O zaman bildirmişdi ki, Azərbaycan şəxsiyyət vəsiqəsi alıb, Azərbaycan vətəndaşıdır və bununla fəxr edir. Ancaq insanları tanımaq olmur. Bu gün isə çox güman, həmin şəxsin arxasında müəyyən dairələr dayanır. Çünki hazırda Xankəndidə geniş bərpa işləri aparılır, böyük tədbirlər keçirilir, dövlət səviyyəsində yüksək qəbullar təşkil olunur və sair. Belə bir məqamda təxribat törətmək, böyük problem yaratmaq açıq şəkildə məqsədli addımdır. Videolardan da görünür ki, bu insan öncədən hazırlaşıb, silahları xüsusi olaraq gizlədib və sonradan istifadə etməyə cəhd göstərib. Yaxşı ki, hüquq-mühafizə orqanları ayıq davranaraq onu vaxtında zərərsizləşdiriblər. Lakin məsələ çox ciddi araşdırılmalıdır. İnanıram ki, hüquq-mühafizə orqanları bu işi sona çatdıracaq və arxasında hansı qüvvələrin dayandığını müəyyən edəcəklər".
Nuriyyə NATİQQIZI