AZ

İran casusluqda ittiham olunan şəxsi edam edib

 İsrailin xeyrinə casusluqda ittiham olunan Babək Şahbazi adlı şəxs sentyabrın 17-də səhər saatlarında edam edilib.

NOCOMMENT.az bildirir ki, bu barədə İranın dövlət teleradio şirkəti xəbər verir.

Qeyd olunur ki, Şahbazi İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda və onlara məxfi məlumatlar verməkdə ittiham olunurdu. İran Ali Məhkəməsi hökmü təsdiqlədikdən sonra o, asılaraq edam edilib.

İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumuna keçdi. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. İran iyunun 23-ü axşam saatlarında Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib. Bundan sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

İran KİV-lərinin məlumatına görə, iyunun 13-də İsraillə silahlı münaqişə başlayandan İranın hüquq-mühafizə orqanları İsrail kəşfiyyat xidmətlərində işləmək şübhəsi ilə azı 700 nəfəri saxlayıb. Saxlanılanların əksəriyyəti İran ərazisindən kiçik pilotsuz təyyarələr buraxmaqda, əldəqayırma bombalar hazırlamaqda və İsrail kəşfiyyat xidmətlərinə məlumat ötürmək məqsədilə hərbi obyektləri lentə almaqda ittiham olunurdu.

Seçilən
58
2
nocomment.az

4Mənbələr