AZ

İsrail-Qətər gərginliyi: Azərbaycan tərəflərə vasitəçilik təklif edə bilər

“İsrail və Qətər arasında insidentin baş verməsi maraqlı bir prosesi ortaya çıxardı. İndi qədər Qətər HƏMAS liderlərinin dəfələrlə bir araya toplandığı bir məkan olub. Hətta HƏMAS-ın hazırda Qəzza xaricində yerləşən əsas qərərgahları məhz Qətərdədir”.

Bu barədə Bakıvaxtı.az-a analitik Turan Rzayev İsrail-Qətər gərginliyindən danışarkən bildirib. O qeyd edib ki, İsrailin HƏMAS-la bağlı yanaşması dəyişməyib:

“Bu məqamda İsrailin nə etmək istəməsinə diqqət çəkmək lazımdır. İsrail tərəfi İordan çayının Qərb sahilinə keçmir, Mahmud Abbas rejimi olan bölgələrdə silahlı toqquşmalar baş vermir. Əsas əməliyyatlar Qəzzada, yəni HƏMAS-a qarşı keçirilir. Bütün bu məsələlərdə İsrail Mahmud Abbasla ortaq hərəkət edir. İsrail Mahmud Abbas rejimini tanıyır, amma Qəzzadakı HƏMAS hakimiyyətini qəbul etmir. HƏMAS silahlı qanaddır. İsrailin HƏMAS-a qarşı Qəzzada apardığı əməliyyatlar bir yerə qədər antiterror əməliyyatları idi".

Müsahibimizə görə, bunları normal hesab etmək olardı. Dediyinə görə, İsrailin antiterror əməliyyatları fonunda normadan artıq güc tətbiq etməsi, mülki obyektləri hədəf alması, qoca, uşaq yaşlı demədən hər kəsi güllədən keçirməsi artıq Qəzzada antiterror əməliyyatı deyil, faktiki etnik təmizləmə aparılmasından xəbər verir:

"Eyni qaydada deyə bilərik ki, İsrail tərəfi ciddi təzyiqlərlə üzləşib. Görünür bu da İsraili narahat etmir”. 

Turan Rzayev: İsrail HƏMAS-ı məğlub etmək istəyirsə, gərək...

Ekspert diqqətə çatdırıb ki, İsrail HƏMAS-ı biritiməkdə qərarlıdır:

“Buna görə də ölkə xarici əməliyyatlara da başlayıb. Əslində bunun olacağı məlum idi. Əslində HƏMAS-ı məğlub etmək istəyirsə, gərək ölkə xaricində də əməliyyatlar gerçəkləşdirsin. Bunun ilk siqnalını İranla gərginlik fonunda müşahidə etdik. Düzdür, İranla gərginlik əslində bir qədər fərqli idi. Bu gərginlikdə HƏMAS liderlərindən həyatını itirənlər olmuşdu. Qətərdə baş tutan əməliyyat bunun ən ciddi siqnaldır”. 

T.Rzayev bu əməliyyatın Qətər hakimiyyətindən xəbərsiz edildiyini düşünmür:

“Çünki əks təqdirdə Qətər hakimiyyəti daha ciddi reaksiya verərdi. Qətər İsrailə nisbətən daha zəngin və varlı ölkədir. Üstəlik, Qətərin enerji sektoru üzrə təzyiq imkanları da var. Qətər İsrailə zərbə də endirə bilərdi, amma bunu etmədi. Belə qənaətə gəlmək olar ki, Qətər hakimiyyəti ilə İsrail arasında bu barədə danışıqlar aparılıb, razılıq əldə edilib. Qətər nümayəndələrinin haray-həşir salmaları da iz itirməyə xidmət edir. Amma əməliyyat gözlənilən nəticəni vermədi, HƏMAS liderləri əməliyyatdan sağ çıxdılar. Günahkar kimi ev sahibi görünəcəkdi, ona görə də Qətər İsraili günahlandırır. Birmənalı şəkildə beynəlxalq hüququn pozulduğunu qeyd edir. Haqlıdırlar. Çünki bir ölkənin ərazisində antiterror əməliyyatı həyata keçirmək qadağandır".

Müsahibimiz hesab edir ki, bu, icazəli əməliyyatdır. Sadəcə uğursuzluğa düçar olduqları üçün məsuliyyəti İsarilin üzərinə atırlar.  Bu gərginlikdə rəsmi Bakının sərgiməli olduğu mövqeyə diqqət çəkən müsahibimiz vurğulayıb ki, Azərbaycan süstlük nümayiş etdirsə də, İsrailin bu sayaq əməliyyatlarını dəstəkləmir:

“Rəsmi Bakı münaqişələrin beynəlxalq hüquq və norma çərçivəsində, sülh yolu ilə həllində maraqlıdır. Bu bizim diplomatiyamızın prioritet yanaşmasıdır. Hərçənd Azərbaycan islam dininə etiqad edənlərin sayının çox olduğu ölkə olsa da, bu tip məsələlərdə daha praqmatik və təmkinli mövqe sərgiləyir. Bu, daha çox Qərb diplomatiyasına bənzər bir diplomatiyadır. Azərbaycan İsraillə münasibətlərin yüksək olmasını daim diqqətdə saxlayır, amma bu, o demək deyil ki, İsrailin etnik təmizləmə və işğal siyasətinin bir parçasıyıq. Əlbəttə, bu, belə deyil. Rəsmi Bakı prosesi düzgün qiymətləndirir, təhlil aparıb, buna adekvat addımlar atır”. 

Həmsöhbətimiz onu da əlavə edib ki, rəsmi Bakı tərəfləri yaxınlaşdırmaq üçün vasitəçilik təklif edə bilər:

“Əslində Azərbaycan bu missiyanı Suriya-İsrail, Türkiyə-İsrail, hətta İran-İsrail münasibətlərinə baxışda həyata keçirir. Biz İsrailə qarşı aqressiya sərgiləmirik və mənə görə bu, doğru yanaşmadır. Azərbaycanın İsrailə “barmaq silkələməsinin” fələstinlilərə heç bir faydası yoxdur. Əksinə Azərbaycanın dialoq xətti açması zəruridir ki, tərəflər mövqelərini ortaya qoya bilsin. Azərbaycan bu dialoq xətti ilə narahatlığını İsrailə bildirir. Rəsmi Bakının yanaşması çox düzgündür”.

Aydın Baxış

Seçilən
34
1
bakivaxti.az

2Mənbələr