AZ

İsrail ordusu 80 xəstənin olduğu uşaq xəstəxanasını bombaladı

BAKI,TurkicWorld, Nailə Babazadə

İsrail ordusu Qəzza şəhərində yerləşən və içərisində 80 xəstənin olduğu Rantisi Uşaq Xəstəxanasını bombalayıb.

TurkicWorld xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin açıqlamasına görə, dünən axşam saatlarında İsrail ordusu xəstəxananın yuxarı mərtəbələrinə bir neçə dəqiqə fasilə ilə üç dəfə hava zərbəsi endirib.

Nazirliyin açıqlamasında hücum qınanıb və bu addımın İsrailin Qəzza zolağında səhiyyə sistemini hədəf alma və xidmətləri sıradan çıxarma yönündəki sistematik siyasətinin bir sübutu olduğu bildirilib.

Rantisi Uşaq Xəstəxanasının Qəzza zolağında onkologiya, dializ, tənəffüs və həzm xəstəlikləri üzrə ixtisaslaşmış yeganə xəstəxana olduğu vurğulanıb.

Hücum zamanı xəstəxanada müxtəlif şöbələrdə müalicə alan 80 xəstənin, reanimasiya bölməsində 4 uşağın və yeni doğulmuşlar reanimasiya bölməsində 8 körpənin olduğu qeyd olunub.

Hava zərbəsindən sonra 40 xəstə və onların ailələri təhlükəsiz yer axtarmaq və uşaqlarını xilas etmək üçün xəstəxananı tərk edib. Digər 40 xəstə, onların müşayiətçiləri, 12 reanimasiya xəstəsi və 30 tibb işçisi isə xəstəxanada qalmağa məcbur olub.

Qəzza zolağında səhiyyə müəssisələrinin, tibb işçilərinin və xəstələrin qorunması üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

Hazırda İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə qarşı ağır hücumlarını davam etdirir, bina və evləri bombalayaraq dinc əhalini yerlərindən didərgin salmağa çalışır.

Seçilən
51
1
turkic.world

2Mənbələr