Bakı, 17 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın sentyabrın 16-da Azərbaycana rəsmi səfəri, xüsusilə də Şuşa şəhərinə gəlişi iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. BƏƏ liderinin Şuşa kimi simvolik şəhərdə olması Azərbaycanın mövqelərinin dəstəklənməsi baxımından xüsusi mesaj daşıyır. Bu kontekstdə yanaşsaq, BƏƏ Prezidentinin Şuşa qalası qarşısında foto çəkdirməsi, Cıdır düzündə Qarabağ atlarının şousunu izləməsi və Qarabağın mədəni irsinə ehtiram göstərməsi həm siyasi-diplomatik, həm də mənəvi baxımdan əhəmiyyətli addımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayedin şərəfinə rəsmi nahar təşkil etməsi, iki liderin təkbətək, həmçinin geniş tərkibdə görüşlər keçirməsi münasibətlərin yüksək səviyyəsinə dəlalət edir. Bu görüşlərdə əsas müzakirə mövzularından biri də iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və regional sabitlik məsələləri olub.
“Nəzərə almaq lazımdır ki, BƏƏ Yaxın Şərqin ən güclü iqtisadiyyata sahib olan ölkələridən biridir. Bu mənada Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərin inkişafı hər iki tərəf üçün yeni imkanlar açır. Hazırda Azərbaycan və BƏƏ arasında enerji, bərpaolunan enerji mənbələri, ticarət, kənd təsərrüfatı, logistika və turizm sahələrində əməkdaşlıq sürətlə inkişaf edir. BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda böyük Günəş və külək elektrik stansiyalarının inşasında iştirak edir. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyinə, yaşıl keçid siyasətinə mühüm töhfədir.
BƏƏ Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyan əsas ölkələrdən biridir. Dubayda fəaliyyət göstərən sərmayə fondları, turizm şirkətləri və infrastruktur şirkətləri Azərbaycan bazarına maraq göstərir. Azərbaycanın logistika imkanları, Orta Dəhliz layihəsində iştirakı da BƏƏ üçün Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır.
Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri siyasi, iqtisadi və mədəni sahələrdə yeni əməkdaşlıq imkanları yaradır, iki ölkənin strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir. Bu tərəfdaşlığın möhkəm təməllər üzərində qurulduğu artıq öz təsdiqini tapıb. Xatırlatmağa dəyər ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları üzrə ən uğurlu nümunələrdən biri məhz Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli formatda, vasitəçisiz təşkil olunan bu görüş sülh prosesinə yeni impuls verib. Bu görüş Azərbaycanın diplomatik nailiyyəti olmaqla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin də prosesə konstruktiv dəstəyinin göstəricisi kimi dəyərləndirilir. BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə verdiyi açıq dəstək, Ermənistanla vasitəçisiz sülh danışıqlarına şərait yaratması regionda sabitlik və əməkdaşlıq üçün yeni üfüqlər açır.
Ekspert əlavə edib ki, Azərbaycan və BƏƏ təkcə ikitərəfli münasibətlərlə kifayətlənmir, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. İslam Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama Hərəkatı daxilində iki ölkə bir-birini dəstəkləyir. Azərbaycan BƏƏ-nin iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini dəstəkləyib, Dubayda keçirilən COP28 konfransında fəal iştirak edib. Eyni zamanda, BƏƏ Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəkləyib.