1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri, onun Prezident İlham Əliyevlə görüşü və Şuşa şəhərində keçirilən tədbirlər bu ölkənin media orqanlarının diqqət mərkəzində olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, WAM rəsmi informasiya agentliyi, "Emarat Al Youm", "Sharjah24", "Alkhaleej", "Nabd Khalij" və digər qəzet və portallar dövlət başçılarının təkbətək görüşü, Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəyovun erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxması haqqında materiallar dərc ediblər.
Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdaxiləsi nəticəsində bu heykəllər Ermənistandan alınaraq ölkəmizə gətirilib. Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllər Şuşa işğaldan azad olunduqdan sonra öz əvvəlki yerlərinə qaytarılıb.
BƏƏ mediası Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Milli Xalça Muzeyinin Şuşa filialında olması, Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanışlıq barədə də xəbərlər dərc edib. Qeyd olunub ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.
Materiallarda vurğulanır ki, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana növbəti səfəri iki dost ölkə arasında əlaqələrin möhkəmlənməsi istiqamətində atılan daha bir addımdır.
WAM informasiya agentliyi dövlət başçılarının Cıdır düzündə Qarabağ atlarının şousunu izləməsi barədə videomaterial yayımlayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısına "Ərgünəş" adlı Qarabağ atını hədiyyə edib.





