“Payız aylarında havanın soyuması, günəş şüalarının azalması və orqanizmin dəyişən iqlimə uyğunlaşması vitamin və mineral balansına xüsusi təsir edir”.
News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.
Onun sözlərinə görə, bu dövrdə ən çox ehtiyac duyulan vitaminlərdən biri də C vitaminidir:
“O, immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən qoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər və kələmdən almaq mümkündür. Payızda günəş işığı azaldığı üçün D vitamini çatışmazlığı daha çox görülür. Bu vitamin sümük və əzələ sağlamlığı üçün vacibdir və əsasən yumurta sarısı, balıq növləri və süd məhsullarında olur. A vitamini dəri və selikli qişaların möhkəmlənməsində, gözlərin sağlam qalmasında əhəmiyyətli rola malikdir və balqabaq, kök, ispanaq, brokoli kimi tərəvəzlərdə, həmçinin qaraciyərdə mövcuddur. E vitamini isə güclü antioksidant kimi orqanizmi sərbəst radikallardan qoruyur və badam, fındıq, günəbaxan tumu və zeytun yağında çoxdur. B qrupu vitaminləri, xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçün vacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, süd məhsulları, balıq və toyuq ətindən almaq olar”.
Mütəxəssis-ekspert bildirib ki, payızda həmçinin sink, dəmir və maqnezium kimi minerallara xüsusi ehtiyac duyulur ki, bunlar da immuniteti gücləndirir.