«Azərbaycan dövlətçiliyinin müasir tarixində 20 sentyabr xüsusi bir səhifədir. Bu gün artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün sadəcə təqvimdə qeyd olunmuş bir tarix deyil, həm də xalqımızın 30 illik həsrətinin, minlərlə qəhrəman oğul və qızımızın qanı bahasına qazanılmış möhtəşəm Zəfərin rəmzidir».
Bunu «Azərbaycan» qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib. Deputatın sözlərinə görə, 20 sentyabr gününün tarixi əhəmiyyəti ondadır ki, artıq Azərbaycan xalqı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə öz azadlığının, milli birliyinin və dövlət müstəqilliyinin gücünü simvolizə edən üçrəngli bayrağını ucaldıb: «Ermənistanın və qondarma qurumun silahlı tör-töküntüləri məhv edilib, torpaqlarımız birdəfəlik işğaldan təmizlənib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror əməliyyatında tarixi Zəfərə imza atdı. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağını ucaldaraq xalqımıza verdiyi bütün vədlərin gerçəkləşdiyini bəyan etdi. Onun tarixi çıxışında səsləndirdiyi sözlər yaddaşımıza əbədi həkk olundu: “Hər gün, hər saat biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Mən xalqıma söz vermişdim ki, Azərbaycan bayrağı bütün işğaldan azad ediləcək torpaqlarda qaldırılacaq və bu gün gəldi.” Bu bəyanat təkcə bir siyasi liderin hesabatı deyil, həm də dövlət başçısının 20 illik qətiyyətli fəaliyyətinin tarixi yekunu idi».
Fatma Yıldırım qeyd edib ki, bu gün Qarabağ yalnız qələbənin deyil, həm də quruculuğun rəmzinə çevrilib. Xankəndidə Qarabağ Universitetinin yaradılması, yeni məktəb və infrastruktur layihələrinin açılışı, Ağdərədə Novruz tonqallarının alovlandırılması, Xocalıda soyqırımı memorialının təməlqoyması və müasir sənaye müəssisələrinin istifadəyə verilməsi, Xocavənddə qədim abidələrin bərpası – bütün bunlar işğaldan azad edilmiş torpaqlarımızın sürətlə dirçəlişə qədəm qoyduğunu göstərir: «Artıq Qarabağ bölgəsi təkcə Azərbaycan üçün deyil, region üçün də yeni inkişaf mərkəzinə çevrilməkdədir. Bu, Prezident İlham Əliyevin müdrik siyasətinin, dövlətin gücünün və xalqın iradəsinin təntənəsidir. Otuz ildən sonra Qarabağa qayıdış artıq reallıqdır. Xankəndidə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, iqtisadi zirvə görüşləri Azərbaycanın qələbəsini bütün dünyaya nümayiş etdirir. Ən önəmlisi isə odur ki, artıq bu torpaqlarda həyat bərpa olunur, yeni evlər, yollar, məktəblər inşa edilir, minlərlə sakin öz yurduna qayıdır».
Fatma Yıldırım bildirib ki, biz – Azərbaycan xalqı 20 sentyabr tarixinin qədrini yaxşı bilirik: «Çünki bu Zəfər asanlıqla qazanılmayıb. Bu, həm Ali Baş Komandanın dəmir iradəsi, həm Ordumuzun rəşadəti, həm də xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün olub. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız bir bayram deyil, həm də milli qürurumuzun, dövlətimizin əzəmətinin təntənəsidir. Bu gün biz qürurla deyirik: Azərbaycan qalib dövlətdir, Qarabağ isə əbədi olaraq Azərbaycandır!»
Rəşad CƏFƏRLİ,
«Azərbaycan»