AZ

"BƏƏ-nin investisiya imkanları, Azərbaycanın isə coğrafi-strateji mövqeyi bir-birini tamamlayan amillərdir" - AÇIQLAMA

"BƏƏ-nin investisiya imkanları, Azərbaycanın isə coğrafi-strateji mövqeyi bir-birini tamamlayan amillərdir" - AÇIQLAMA"Bizim əlaqələrimiz (Birləşmiş Ərəb Əmirlikləri – red.) qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq".

Bu sözləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə deyib.

İmzalanmış hər bir sənədin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib:

"Onların arasında, xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir".

"Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münasibətlərində yeni mərhələnin başlanğıcı artıq reallığa çevrilib"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir. İmzalanmış sənədlər təkcə protokol xarakterli deyil, konkret olaraq iki ölkə arasındakı əməkdaşlığın gələcək konturlarını müəyyənləşdirir. Xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin ən yüksək siyasi zirvəyə çatdığını göstərir.

BƏƏ bu gün Yaxın Şərqin ən nüfuzlu oyunçularından biridir və Azərbaycanla qurulan yaxın əməkdaşlıq bölgədə geosiyasi çəkimizi gücləndirir. Enerji, logistika, investisiya və yüksək texnologiyalar sahəsində açılan imkanlar hər iki dövlət üçün strateji üstünlüklər formalaşdırır. Azərbaycan öz növbəsində Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təminatçısı kimi etibarlı tərəfdaş imicini möhkəmləndirir.

BƏƏ-nin investisiya imkanları, Azərbaycanın isə coğrafi-strateji mövqeyi bir-birini tamamlayan amillərdir. Bu əməkdaşlıq həm də Körfəz ölkələrinin Cənubi Qafqaz regionunda təsir dairəsini artıracaq. Azərbaycan isə bu əlaqələri qlobal miqyasda yeni diplomatik üstünlüklərə çevirməyi bacaracaq.

Prezident İlham Əliyevin vurğuladığı kimi, qardaşlıq və dostluq üzərində qurulan münasibətlər yalnız iqtisadi deyil, siyasi və mədəni sferalarda da inkişaf edir. BƏƏ ilə strateji tərəfdaşlıq Azərbaycanın "qardaş ölkələr şəbəkəsi"ni daha da möhkəmləndirir. Bu həm də Türk–İslam dünyasında yeni güc mərkəzlərinin formalaşmasına xidmət edir.

Azərbaycan–BƏƏ yaxınlaşması, şübhəsiz ki, regiondakı digər oyunçular tərəfindən də diqqətlə izlənilir. Çünki bu əməkdaşlıq təkcə ikitərəfli deyil, qlobal güc balansında da mühüm faktor kimi çıxış edəcək.

Nəticə etibarilə, imzalanan sənədlər gələcəyə yönəlmiş strateji yol xəritəsidir. Onların icrası Azərbaycanı iqtisadi, siyasi və diplomatik baxımdan daha da gücləndirəcək. Bu, həmçinin Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və çoxvektorlu xarici siyasət kursunun məntiqi nəticəsidir".

Seçilən
45
47
sonxeber.az

10Mənbələr