AZ

Dövlət Komitəsinin sabiq sədrinin qızı, kollecin keçmiş direktoruna cinayət işi açıldı - ÖZƏL

BAKI, 17 sentyabr. TELEQRAF

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin keçmiş direktoru Səhər Orucovanın rəhbərliyi dövründə ciddi qanun pozuntularına yol verildiyi iddia edilir.

Bu barədə Teleqraf-a kollecdə çalışan bir qrup müəllim məlumat verib.

İddialara görə, Səhər Orucova təhsil ocağının imkanlarından ancaq öz maraqları üçün istifadə edib. Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi kollecdə yoxlamalar aparıb, pozuntuları aşkara çıxarıb.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yoxlamaların aparıldığını təsdiqləyib və bunun Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyi vurğulanıb.

“Yoxlamalar nəticəsində S.Orucovanın əmək fəaliyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə və küllü miqdarda mənimsəmə halları müəyyən edilib. Aparılmış araşdırma materialları əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə) maddələri üzrə cinayət işi başlanılıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, bununla əlaqədar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli müvafiq əmri ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Orucova ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi səbəbindən xitam verilib.

Səhər Orucova Teleqraf-a açıqlamasında barəsində səslənən iddialarla bağlı məlumatsız olduğunu deyib: “İlk dəfədir haqqımda belə fikirlər eşidirəm. Bunlar səhv məlumatlardır. Cinayət işi ilə bağlı da xəbərsizəm, bunu da ilk dəfə eşidirəm”, - sabiq direktor bildirib.

Məsələ ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat idarəsinə də sorğu ünvanlanıb.

Qeyd edək ki, Səhər Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, həmçinin Azərbaycanın Qırğız Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun qızıdır.

Seçilən
16
17
teleqraf.com

10Mənbələr