2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək, qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb. O, Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Nəticədə bir polis əməkdaşımız yaralanıb. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan isə tutulub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Karen Avanesyan təkbaşına hansısa bir nəticə əldə etmək gücündə deyildi:
"Azərbaycan hüquq-mühafizə orqanları şükürlər olsun ki, həm orada olan polis əməkdaşları, həm daxili qoşunlar vəziyyətə yerindəcə nəzarət edirlər. Bu yaramazın gedib meşədən əvvəlcədən gizlətdiyi "Kalaşnikov" avtomatını, əl qumbaralarını götürüb, sonradan ondan istifadə eləməsi, əlbəttə ki, bu, onun ağlının çatışmamasının göstəricisidir. Çünki Azərbaycan polisi və yaxud da hüquq-mühafizə orqanları, o hərəkətə cəhd edərkən onu zərərsizləşdirə, məhv edə bilərdilər. Amma bizimkilər onu tutublar. Mənə elə gəlir ki, o bəzi məsələlərə aydınlıq gətirəcək. İndi bizim səsləndirdiyimiz versiyalar sadəcə olaraq versiya olaraq qalacaq. Üst-üstə düşüb-düşməyəcəyini bilmirəm".
Polkovnikin fikrincə, istənilən halda bu aktın özü onu deməyə əsas verir ki, uzun illər erməni işğalında olan ərazilərimizdə hələ çoxlu, minlərlə silah-sursatlar, partlamamış əl qumbaraları, tank əleyhinə minalar var:
"Bunlar zamanında separatçılar və onların tərəfdarları tərəfindən qeydə alınmamış silahlardır ki, gizlədilib və bəlli bir zaman üçün nəzərdə tutulub. Xankəndidə bu gün azərbaycanlılardan, bir də məhdud sayda ermənilərdən başqa heç kəs yoxdur ki, onlar hardansa kənardan bir tapşırıq alırlar, müəyyən qüvvələrin maraqlarına xidmət edirlər. Əlbəttə ki, bu adam özü də bilirdi, bunun arxasında nə durur. Yəni arxasında o durur ki, ya onu bizim hüquq-mühafizə orqanları öldürəcəkdilər, ya da ki, o guya polis əməkdaşlarına xəsarət yetirməklə Azərbaycan ərazilərindən harasa - Ermənistana, Moskvaya, Fransaya, digər ölkələrə, - gedə biləcəkdi? Bu, mümkünsüz idi".
Üzeyir Cəfərov vurğuladı ki, Azərbaycan sərhədləri bu gün etibarlı qorunur:
"Azərbaycan sərhədlərindən heç kim Azərbaycan ərazisinə və yaxud da ki, Azərbaycan ərazisindən başqa bir ölkənin ərazisinə keçmək imkanında deyil. Bu, çox çətin məsələdir. Karen Avanesyanla bağlı mənə elə gəlir ki, hüquq-mühafizə orqanları araşdırandan sonra onun məhkəməsində biz bəzi suallara elə onun öz dilindən cavab alacağıq. Amma bu, çox qeyri-adekvat və anormal bir adamdır. Əlbəttə ki, təxribat acı nəticələnə bilərdi. Bu, həm erməniləri, həm də onlara havadarlıq edənləri sevindirə bilərdi. Şükürlər olsun ki, bu cəhd uğursuz nəticələndi. İnşallah bundan sonra da, həmin o qüvvələr hər hansı bir çirkin niyyətlərinə çata bilməyəcəklər".
Aytəkin TOFİQQIZI