AZ

Qanun pozuntusuna görə reklam sahəsində ən çox hansı cərimələr tətbiq olunur?

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son bir ildə reklam sahəsində ən çox pozuntu estetik normalara cavab verməyən və qeydiyyatsız elanlarla bağlı olub.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi BAKU.WS-in sorğusuna cavab olaraq son bir ildə reklam sahəsində qeydə alınan qanun pozuntuları və tətbiq edilən cərimələr barədə məlumat verib.

Qurumdan verilən məlumata görə, ən çox rast gəlinən pozuntular estetik normalara cavab verməyən, qeydiyyatsız və texniki baxımdan tələblərə uyğun olmayan reklamlarla bağlıdır. Bununla yanaşı, dil normalarının pozulması, tütün və alkoqollu içkilərin reklamı, həmçinin açıq məkanda qadağan edilmiş məzmunlu elanların yerləşdirilməsi də əsas qanun pozuntuları sırasındadır.

Məlumatda qeyd olunur ki, ən çox cərimə olunan hallar məhz qeydiyyatsız reklamların yerləşdirilməsi və estetik görünüşə cavab verməyən lövhələrlə bağlıdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, "Reklam haqqında" Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamların açıq məkanda yerləşdirilməsinə görə:

-fiziki şəxslər üçün 300–500 manat,

-vəzifəli şəxslər üçün 1500–2500 manat,

-hüquqi şəxslər üçün isə 5000–10000 manat məbləğində inzibati cərimə nəzərdə tutulur.

Qeyd olunur ki, cərimələrin məbləği pozuntunun təkrar baş verməsi və miqyasından asılı olaraq artırıla bilər.

Agentlikdən bildirilib ki, gələcəkdə reklam qanunvericiliyində bir sıra dəyişikliklər gözlənilir. Bu dəyişikliklərin əsas məqsədi reklam bazarının daha şəffaf idarə olunması, qanun pozuntularının minimuma endirilməsi və ictimaiyyətin estetik baxımdan təhlükəsiz mühitdə yaşamasının təmin edilməsidir.

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
baku.ws

1Mənbələr